Tokayev KTMT-dən dəstək istədi

Tokayev KTMT-dən dəstək istədi

06-01-2022 01:06 / Bu xəbər 708 dəfə oxundu

Qazaxıstanda baş verən kütləvi etirazların fonunda polis və ordu xalqa tərəf keçib.

Bundan sonra prezident Kasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Xəbəri RİA Novosti yayıb.

Bildirilir ki,Tokayev KTMT tərəfdaşlarına müraciəti məqsədəuyğun sayıb. 

Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb. Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. 

Səbəb təbii qazın qiymətinin qaldırılması göstərilib. Ümumilikdə etirazlar ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımınadır.

Yanvarın 4-də hökumət etirazçıları yatırmaq üçün polisi səfərbər edib.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllə, səs qumbaralarından istifadə edib.

Nəticədə etirazlar daha da genişlənib və polis maşınları yandırılıb, 200-dən çox etirazçı saxlanıb, 95 polis əməkdaşı xəsarət alıb.

Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev Konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefaya göndərib.

Prezident yanvarın 5-də xalqa müraciətində bildirib ki, Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının rəhbərliyindən uzaqlaşdırılıb.

Tokayev etirazlar şəraitində "sərt hərəkət etmək” niyyətində olduğunu da deyib: "Bu, öz həyatlarını və ailələrinin həyatını qorumaq üçün mənə çoxsaylı müraciətlər edən vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir”.

O həmçinin tezliklə Qazaxıstanın siyasi transformasiyası ilə bağlı yeni təkliflərlə çıxış edəcəyinə söz verib.