Tokayev parlamenti buraxdı

Tokayev parlamenti buraxdı

19-01-2023 16:21 / Bu xəbər 696 dəfə oxundu

Qazaxıstanda martın 19-da növbdənkənar parlament seçkiləri keçiriləcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin buraxılması və növbədənkənar seçkilərin martın 19-na təyin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda Mərkəzi Seçki Komissiyasına növbədənkənar seçkilərin hazırlanması və keçirilməsinin təşkili tapşırılıb.

Kasım-Jomart Tokayev bütün səviyyələrdə məsləhətlərin (yerli nümayəndəlik orqanlarının) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında fərman da imzalayıb.

2019-cu il martın 20-də Qazaxıstan parlamenti Senatının keçmiş sədri Kasım-Jomart Tokayevin Qazaxıstanın ikinci prezidenti vəzifəsinə gətirilməsi haqda qərar qəbul edib.

Yeni qaydalara əsasən, deputatların 70 faizi partiya siyahıları, 30 faizi isə birmandatlı seçki dairələri üzrə seçiləcək.

Qarışıq seçki sisteminə əsasən, 50-nin 50-yə nisbətində rayon və respublika əhəmiyyətli şəhərlərin məclislərinə də seçkilər keçiriləcək.

Rayon və rayon əhəmiyyətli şəhərlərin məclislərinə seçkilərdə vətəndaşlar birmandatlı seçki dairələri üzrə namizədlərə səs verəcəklər.

Seçkilərin keçirilməsi üçün 33,4 milyard tengenin (hazırkı məzənnə ilə 72,1 milyon dollar) xərclənməsi nəzərdə tutulur.

Ötən həftə Qazaxıstanda parlamentin Senatına seçkilər keçirilib və orada ölkənin 17 regionundan, Astana, Almatı və Çimkent şəhərlərindən 20 deputat seçilib.

Seçki kampaniyası zamanı 130 nəfərin namizədliyi irəli sürülüb, bəzi vətəndaş fəalları namizədliklərini irəli sürməyə cəhd ediblər, lakin onların qeydə alınmasından imtina edilib.

Kasım-Jomart Tokayev 2022-ci ilin noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində səslərin 81,31 faizini qazanıb.

2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlar başlamışdı.

Hadisələr zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar hadisələrində 20 min terrorçunun iştirak etdiyini bildirmişdi.

Etirazları yatırtmaq üçün Prezident Kasım-Jomart Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etdi.

Yanvarın 13-də KTMT ölkələrinin silahlı qüvvələri Qazaxıstanı tərk etdi.

Hadisələrin nəticəsində keçmiş prezident N.Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldı və birinci prezidentin bir çox qohumu rəhbər vəzifələrdən məhrum edildi.

İyunun 5-də keçirilən referendumda isə Nursultan Nazarbayev əksər imtiyazlardan, o cümlədən "elbaşı” və ya "millət lideri” statusundan məhrum edildi.

Qazaxıstanın Baş Prokurorluğunun yaydığı məlumata görə, hadisələr zamanı 238 nəfər həlak olmuşdu.