""Topaz"ın daha bir qurbanı Vüsal Aslanov olacaq"

14-09-2019 21:23 / Bu xəbər 3281 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov "Topaz"dakı yoxlamaların qurbanına çevrilə bilər. 

Bu barədə Arqument.az-a "Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbə bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə şirkətdə yoxalamalara start veriləcək: "Artıq bu barədə hamı məlumatlıdır. Deyəsən, Cavid Qurbanovun "Topaz oyunu" Vüsal Aslanovu üçün problemə çevrilib".

O deyib ki, "Topaz"da əsas işlərə Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir: "Vüsal Aslanovun səhvi onda oldu ki, "Topaz"a nəzarəti üzərinə götürdü. Elə "Topaz"da da uduzdu. Bəli, məhz uduzdu. Söhbət oynayıb uduzmaqdan getmir, hakimiyyətdaxili iri siyasi və iqtisadi oyunların qurbanı olmaqdan gedir. Cavid Qurbanov bu şirkətin işlərini faktiki ona həvalə edib".

"Maliyyə məsələləri ilə bağlı ciddi araşdırmalara başlanılacaq və Cavid Qurbanov bu işdə məhz Vüsal Aslanovu qurban verməyə çalışır. Çox güman, cəmiyyət ikinci "Relax" tipli skandalın, bəlkə də, daha böyük bir maliyyə skandalının şahidi oldu", - o bildirib. 

Mediada dərc olunmuş araşdırmalarda da Vüsal Aslanovun adı "Topaz"la bağlı "qırımızı xətlə" keçir. 

Qeyd edək ki, 2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə qanuni ünvanı adlandırılan "Topaz”da belə demək mümkünsə, əldəyişikliyi olub.

Azərbaycanın idman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxarıb və yayılan məlumata görə, "Topaz” "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun nəzarətinə keçib. 

Məlumatdlarda deyilir ki, "Topaz” əl dəyişəndən sonra şirkətlə bağlı xeyli narazılıqlar yaranıb. Belə ki, "Topaz”da lap yuxarı səviyyədə dəyişikliyə start veriləndə, Azərbaycan mətbuatı Türkiyə mətbuatına istinadən bu məsələyə diqqət ayırmış, Cavid Qurbanovun Azərbaycanın baş dəmiryolçusu olmaqla yanaşı, baş "qumarbaz”ına çevrildiyinin xəbərini vermişdi.

Yayılan məlumatlar arasında o da deyilirdi ki, "Topaz”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

"Turkcell” öz payını satışa çıxardıqdan sonra "Topaz”ın 51 faizlik səhmi məhz "Baltech Investment LLC”-yə keçib.

51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən "Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub. 

Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı hallanır. 

Bu şəxs Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb. Şirkətin məlumatında deyilir ki, "Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur.

Vüsal Aslanovun Cavid Qurbanovun adamı kimi tanınması "Topaz”ın da məhz baş dəmiryolçuya məxsusluğuna əsas yaradır.

Bir müddət öncə isə narazı "Topaz”çıların Meydan TV-yə verdiyi məlumata görə, işin Vüsal Aslanova həvalə edilməsinin başqa səbəbi də var: "Vüsal Aslanov bu işləri daha yaxşı bilir. Vaxtilə "Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. Ona görə də Cavid Qurbanov onu mərc oyunlarına cavabdeh təyin edib”. 38 yaşlı Vüsal Aslanov 2010-2014 illərdə mərc oyunlarına nəzarət edən "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun hər gün bir neçə dəfə "Azərinteltek” QSC-nin baş ofisinə gələrək, işlərin hansı vəziyyətdə olduğunu yoxladığı deyilir".

Onların sözlərinə görə, "Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. 

Vəsilə Abulovanın həm də "Azərreyl” Voleybol Klubunun baş mühasibi olduğu bildirilir.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.