“Toplum TV işi”: Şəmşad Ağanın ölkədən çıxışına qadağa qoyulub

“Toplum TV işi”: Şəmşad Ağanın ölkədən çıxışına qadağa qoyulub

06-07-2024 02:54 / Bu xəbər 704 dəfə oxundu

Jurnalist keçmiş aparıcılığına görə ifadə verib

İyulun 5-də "arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) "Toplum TV” işilə bağlı dindirilməyə çağırıldığı bildirilir. 

O, "Toplum TV”nin keçmiş aparıcısı olub.

Dindirilmədən sonra sərbəst buraxılan Şəmşad Ağa Meydan TV-yə bildirib ki, "Toplum TV”-dəki fəaliyyəti ilə bağlı sorğulanıb. Jurnalist deyir ki, dindirilmənin sonunda ölkədən çıxışına qadağa qoyulması barədə ona şifahi məlumat verilib.

"Dindirilmənin sonunda soruşdum ki, ölkədən çıxışıma qadağa qoymusunuz? Soruşdu ki, niyə narahatsan? Dedim ki, bilmək istəyirəm. Cavabında bildirildi ki, çıxışıma "stop” qoyulub. Rəsmi sorğu göndərib, dəqiqləşdirməyə çalışacağam ki, məhkəmədə mübahisələndirə bilim”, – Şəmşad Ağa deyib.

2024-cü ilin martın 6-da "Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanı ilə bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında "Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2024-cü il iyulun 4-də "Toplum TV işi” üzrə Ələsgər Məmmədli, Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin həbs müddəti daha 3 ay uzadılıb.(Meydan TV)