"Toplum TV işi" üzrə daha üç nəfərin həbs müddəti uzadılıb
04-07-2024 16:51 / Bu xəbər 761 dəfə oxundu
İyulun 4-də Xətai Rayon Məhkəməsi "Toplum TV işi" üzrə daha üç müttəhimin ilkin həbs müddətinin üç ay- oktyabrın 6-dək uzadılması ilə bağlı istintaqın vəsatət və təqdimatına baxıb.
Məhkəmə bu iş üzrə həbs edilmiş Akif Qurbanovun (Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının rəhbəri), Ruslan İzzətlinin (Demokratik Təşəbbüslər İnstitutunun fəalı və Üçüncü Respublika Platforması İdarə Heyətinin üzvü) və Müşfiq Cabbarın ("Toplum TV”nin jurnalisti) həbs müddətini uzadıb.
Bu barədə "Turan"a onların vəkilləri bildiriblər.
Onlar məhkəmənin qərarlarını əsassız hesab ediblər və apellyasiya şikayəti vermək niyyətindədirlər.
Bu iş üzrə keçən digər 4 nəfərin – Ələsgər Məmmədli, Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin həbs müddəti ötən gün 3 ay uzadılıb.
***
Martın 6-8-də "Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Onlar qarşı xarici valyuta qaçaqmalçılığında ittiham olunublar.
Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.
Hüquq müdafiəçiləri bu iş üzrə təqsirləndirilən şəxsləri siyasi məhbuslar kimi tanıyıblar.
Beynəlxalq təşkilatlar onları azad etməyə çağırıblar.