“Toplum TV” işi üzrə həbs müddətləri artırıldı: məhkəmədə hakimlə qalmaqal
27-12-2024 21:17 / Bu xəbər 113 dəfə oxundu
Hakim: "Heç kəs hakimiyyəti tənqid edə bilməz”
"Toplum TV” işi ilə bağlı təqsirləndirilən şəxslərin istintaq dövründə həbs müddəti aprelin əvvəlinə qədər uzadılıb.
Bu barədə dekabrın 27-də Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.
Bu cinayət işi üzrə həbsdə olan şəxslərdən "Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, III Respublika Platformasının spikeri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Platformanın Qurucu Heyətinin üzvü Ruslan İzzətli və digərlərinin haqqında həbs qətimkan tədbirinin daha 3 ay uzadılması üçün prokuror məhkəməyə təqdimatlar verib.
Təqdimatlara Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva baxıb.
Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilsə də, sonda nəticə eyni olub: təqdimatların hamısı təmin edilib, "Toplum TV” işi üzrə həbsdə saxlanılan şəxslər haqqında həbs qətimkan tədbirinin müddəti aprelin 6-na qədər uzadılıb.
Hər bir məhkəmə iclasında da Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.
Müstəntiq bildirib ki, istintaq davam edir, bu müddətdə təqsirləndirilən şəxslərin həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər: "Çünki istintaqdan yayınmaq ehtimalları var”.
Vəkillər də, təqsirləndirilən şəxslərin özləri də təqdimata etiraz ediblər, lakin müdafiə tərəfinin arqumentlərinin nəticəsi olmayıb.
Ələsgər Məmmədlinin məhkəməsində hakim Sülhanə Hacıyeva heç onu danışdırmayıb, özünü müdafiə etməyə imkan verməyib.
Təqsirsiz olduğunu vurğulayan Ələsgər Məmmədli məhkəməyə təqdimatın əsassızlığını sübut etmək üçün 6 səhifəlik müdafiə nitqi yazıb gətirsə də, Sülhanə Hacıyeva onu səsləndirməyə qoymayıb.
Nəticədə əsəbiləşən Ələsgər Məmmədlinin səhhəti pisləşib, təzyiqi qalxıb.
Akif Qurbanovun məhkəməsində də qalmaqal yaşanıb.
"Toplum TV” ilə bağlı cinayət işinin siyasi sifarişlə başlandığını deyən Akif Qurbanovun çıxışını dayandıran Sülhanə Hacıyeva deyib:
"Bura siyasət meydanı deyil, heç kim hakimiyyəti tənqid edə bilməz”.
Akif Qurbanov Sülhanə Hacıyevanın elə özünün də hakim olmadığını və siyasi sifarişlərə xidmət etdiyini vurğulayaraq, ondan heç bir qanunçuluq və ədalət gözləntisi olmadığını bildirib.
Prosesi yarımçıq tərk edən Sülhanə Hacıyeva bir neçə saniyə sonra geri qayıdaraq, təqdimatın təmin olunduğunu elan edib.
Təqsirləndirilən jurnalistlərdən Əli Zeynalovun vəkili Fariz Namazlı Meydan TV-yə bildirib ki, qərardan 3 gün ərzində apelyasiya şikayəti verəcək.
Elə digər vəkillər də şikayət vermək fikrindədir.
"Müşfiq Cabbarovun nə həbs olunmasına zərurət vardı, nə də həbs müddətinin uzadılmasına. Amma elədilər. Əvvəlki təqdimatların eynisi idi. Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Sonuncu dəfə həbsdə saxlanma müddəti oktyabrda uzadılmışdı. O vaxtdan bu yana onun iştirakı ilə hansı istintaq hərəkəti aparılıb? Qanunda belə boşluq var. İstintaq orqanı da məhkəmə qərarı çətiri altında bundan istifadə edir, adamlar uzun müddət həbsdə saxlanılır”, – Müşfiq Cabbarın vəkili Nazim Musayev bildirib.
Martın 6-da "Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-dan artıq jurnalist və bloqer həbs olunub.
Onların əksəriyyətinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti "Meydan TV”, "AbzasMedia”, "Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.