"Toplum TV işi" üzrə həbs olunan daha üç nəfərin həbs müddəti uzadılıb

03-07-2024 19:28 / Bu xəbər 709 dəfə oxundu

İyunun 3-də Xətai Rayon Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) "Toplum TV-nin işi" üzrə həbs olunmuş fəallar - Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin ilkin həbs müddətini daha üç ay - oktyabrın 6-na qədər uzadıb.

Bu barədə onların vəkilləri bildirib. 

Vəkillərin sözlərinə görə, həbs müddətinin uzadılması haqqında qərarlar əsassızdır və onlardan apellyasiya şikayəti veriləcək.

Bu işin daha üç fiqurantının - DTİ-nin rəhbəri Akif Qurbanovun, fəal Ruslan İzzətlinin və jurnalist Müşfiq Cabbarın həbs müddətinin uzadılması haqqında vəsatətlərə baxılması iyulun 4-nə təxirə salınıb.

Vəkillərə iclasın təxirə salınmasını Penitensiar Xidmətin məhbusların məhkəməyə aparılması üçün nəqliyyat vasitələrinin çatışmaması ilə izah ediblər. 

Akif Qurbanovun vəkili Şəhla Hümbətovanın fikrincə, məqsəd müvəkkilin bu işin digər fiqurantları ilə ünsiyyəti imkanlarını minimuma endirmək idi.

Bu gün məhkəmə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin də həbs müddətini üç ay uzadıb.

***

6-8 mart tarixlərində "Toplum TV"-nin və onun tərəfdaşı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. 

Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. 

Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.

"Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. 

Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.

Hüquq müdafiəçiləri bu işin fiqurantlarını siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar isə onları azad etməyə çağırıblar.