Toğrul Maşallı: "İnsanların pulu yoxdur, dövlət fərqli çözüm tapmalıdır"

Toğrul Maşallı:

20-11-2020 17:44 / Bu xəbər 1170 dəfə oxundu

"Bu çətin durumun nə zaman bitəcəyi bəlli deyil”

Azərbaycanda sərt karantin rejimi dekabrın 28-dək uzadılıb.

Noyabrın 21-dən bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Həmin günlər həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

Məlumatda bildirilir ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə (noyabrın 21-dən etibarən) ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunacaq.

Bu qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində sərt karantin rejiminin uzadılması ilə bağlı növbəti qərarında yer alıb.

İnsanlar alış-verişə, kafe-restorana daha çox həftə sonları gedirdilər. İndi həmin günlər ictimai iaşə obyektlərinin çalışmaması kiçik və orta sahibkarlara necə təsir göstərəcək?

Dövlət nə etməlidir ki, bu insanlar yaranmış durumdan minimum zərərlə çıxsınlar?

İqtisadçı Toğrul Maşallı deyir ki, qərar təkcə restoran, ictimai iaşə sektoruna yox, həmçinin satış sektoruna da ciddi təsir edəcək. Satış sektoru, yəni ərzaq satışından tutmuş geyim, suvenir, tikinti materialları, bütün satış sektoru zərər görəcək.

İqtisadçı da əlavə edir ki, əsasən bu məhsulları əhali şənbə-bazar, istirahət günlərində, boş zamanlarında alırdılar. İndi həmin günlərə məhdudiyyətlər tətbiq edilir. Bu, o deməkdir ki, heç bir mağaza çalışmayacaq. Bu da Azərbaycandakı bütün kiçik və orta biznes sektoruna təsir edəcək: "Çünki Azərbaycanda bundan başqa biznes sektoru demək olar ki, yoxdur. Bu insanları çox çətin günlər gözləyir. Məsələ ondan ibarətdir ki, bu ilin əvvəlindən onsuz da ölkədədə hər bir sahədə ciddi problemlər var idi. Martdan başlayaraq məhdudiyyət qoyulan heç bir sahə demək olar ki, bərpa edilməmişdi. Martdan başlayan sərt karantin tədbirləri demək olar ki, bu və ya digər formada işi, fəaliyyəti dayandırmışdı”.

Toğrul Maşallı
Mənbə: Meydan TV

Toğrul Maşallı bildirib ki, düzdür, son bir neçə ayda ictimai iaşə obyektlərində dövriyyə qismən bərpa olunmuşdu. Amma yenə də vəziyyət əvvəlki aylardan kəskin fərqlənmirdi, çünki insanlarda pul yoxdur:

"Onu da deyim ki, il ərzində dövlət sərt karantin rejimini aylarla uzadacağını planlamamışdı. Nə bilim, komendant saatı olacağını düşünməzdi. Bir sözlə, vəziyyətin uzunmüddətli ağır qalacağını bilmədiyi üçün pandemiyanın ilk aylarında insanlara birdəfəlik köməklər etdi. İndiki durumda isə hər hansı kompensasiyanın ödənməsi doğru görünmür. Çünki bu çətin durumun nə zaman bitəcəyi bəlli deyil”.

İqtisadçı deyir ki, yaxşı olar işçilərin maaşı kəsilməsin, verilsin. Bunun üçün hansısa addımlar atılmalıdır:

"Müharibədən çıxmışıq. Döyüşdən qayıdan nə qədər insan olacaq ki, işsizliklə üzləşə biləcəklər. Bununla bağlı dövlət müəyyən sosial siyasət yürütməlidir. Bu sosial siyasət heç bir hada ayrıca tədbirlərdən ibarət olmamalıdır. İndiyə kimi necə idi? 190 manat verirdilər ayda. Sonra dedilər ki, hansı şəhərlərdə davam edir ordakı işsizlərə yenə 190 manat ödənsin. Bütün bu qərarlar situativ verilmişdi”.

Toğrul Maşallı düşünür ki, dövlət vəziyyətlə bağlı ilin sonunadək gələn ildən tətbiq edə biləcəyi proqram tətbiq etməlidir. Çünki bu il fəaliyyət göstərə biməyən şirkətlər gələn il də fəaliyyət göstərə bilməyəcəklər:

"Bu zaman müflis olacaq şirkətlər dövlətin "işçiləri çıxarmayın, onların maaşını verin”, - kimi tövsiyəsini də yerinə yetirə bilməyəcəklər. Bunu icra etmək üçün gəlirləri olmalıdır. Odur ki, gələn ildən fərqli siyasət yürüdülməsi vacibdir. Bu, həm vergi, həm də kredit siyasəti şəklində ola bilər. Məsələn, indi də dövlət tərəfindən kreditlər verilir şirkətlərə. Amma bunlar mənasız kreditlərdir. Çünki o şirkətlərin ilin sonunacan fəaliyyətləri olmayacaq. Düzdür, sənaye obyektləri filan bağlanmır. Amma insanların gəlirləri azalır, nəticədə ticarət dövriyyəsi də aşağı düşür”.

İqtisadçı bidirib ki, ərzaq mağazaları və apteklərin fəaliyyəti dayanmasa da, onların gəlirləri də xeyli azalıb: "Çünki insanların pulu yoxdur. Odur ki, dövlət probemə fərqli çözüm tapmalıdır. İndiki halda dövlətin şirkətlərə kompensasiya verməsi də effekt verməyəcək. Tək normal addım dövlətin işçilərin maaşlarını öhdəsinə götürməsi ola bilər. İndiki durumda isə bu, mümkün görünmür”.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi.

Oktyabrın 29-da 1015, 30-da 1022, 31-də isə 1095 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Meydan TV