Tovuzda 18 nəfərin dönərdən zəhərləndiyi güman edilir
16-10-2024 13:05 / Bu xəbər 557 dəfə oxundu
Tovuz rayonunda 18 nəfərin qidadan zəhərləndiyi ehtimal edilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən bir iaşə obyektindən aldıqları dönərdən zəhərlənmələri şübhəsi ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri ilə bağlı araşdırma aparılır.
Açıqlamaya görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib.
Sözügedən müəssisənin fəaliyyətinin də məhdudlaşdırıldığı bildirilir.
Hələlik rəsmi acılamaya zərərçəkənlərin və iaşə obyektinin təmsilçilərindən münasibət almaq mümkün olmayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 14 -15-də müxtəlif saatlarda 21 nəfər zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib: "Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb".
Son vaxtlar Azərbaycanda belə oxşar hadisələr vaxtaşırı baş verməkdədir.
Beş gün öncə, oktyabrın 11-də Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin qida zəhərlənməsi şübhəsi ilə rayon xəstəxanasına yerləşdirildiyi açıqlanmışdı.
Bu il avqustun 15-də isə Qəbələ rayonunda xəstəxanaya kütləvi müraciət olmuşdu.
Yerli sakinlərin bildirməsinə görə, səhhətləri ağırlaşan insanlar rayonda bir toy məclisində iştirak ediblər.
Onda ümumilikdə 50-dən çox şəxsin səhhətinin pisləşdiyi deyilirdi.
Ondan dörd gün əvvəl isə Gəncə şəhərində bir yas mərasimindən sonra yüzdən çox şəxsin səhhətinin ağırlaşdığı açıqlanmışdı.
Onların da qidadan zəhərləndiyindən bəhs edilirdi.