“Traktorun qarşısında dayanmışam ki, evimi uçurtmasınlar”

“Traktorun qarşısında dayanmışam ki, evimi uçurtmasınlar”

19-09-2019 16:48 / Bu xəbər 209 dəfə oxundu

Nərimanov rayon sakini: "Şirkət hüquq-mühafizə orqanlarında çalışan məmur tərəfindən himayə olunur”

"Elnur-2008” MMC-in paytaxtın Nərimanov rayonu ərazisinin Təbriz, Qurban Pirimov və Cahangir Zeynalov küçələrinin əhatə etdiyi ərazidə 16 mərtəbəli bina inşası yaxınlıqdakı həyət evlərinin sakinlərində narazılıq doğurub.

Bu barədə Meydan TV-yə danışan sakinlərdən, II qrup əlil, Tibb Universitetinin dosenti Zeyqəm Süleymanov bildirib ki, şirkət təhlükəsizlik qaydalarına riayət etmədiyindən onların yaşadıqları evlər təhlükə qarşısındadır:

"Biz Qurban Pirimov 4 küçəsində yaşayırıq. Həmin küçədə 6 ailə yaşayır. Tikilən binanın bünövrəsi ilə evimin bünövrəsi arasında 6 metr məsafə var, halbuki, ən azı 15 metr olmalı idi. Binanın fundamenti qazılanda yerli icra hakimiyyəti gəlib xəbərdarlıq etməliydi. Amma bunların heç biri olmadı. Bərkitmə işləri aparmadıqlarından evimin yük götürən divarlarında ciddi çatlar yaranıb. Tikinti zamanı yuxarıdan atılan daş, taxta parçaları, kərpic dam örtüyünü yararsız vəziyyətə salıb. Hazırda sürüşmə təhlükəsi var. Sentyabrın 17-də tikinti təhlükəsizlik qaydalarına əməl etmədən ekskavatorla divar uçurdurdular. Dünən məcbur olub, traktorun qarşısında dayanmışam ki, evimi uçurtmasınlar”.

Zeyqəm Süleymanov tikintidə çalışan fəhlələrə bərkitmə işlərini aparmalarını xatırlatsa da, onu eşitməyiblər:

"Qaydalara əsasən sürüşmənin qarşısını almaq üçün bərkitmə işləri aparılmalıdır, amma çox saymazyana hərəkət edirlər. Yaşanmaz haldayıq. Üç aylıq körpə gecələr səs-küydən yata bilmir. Mənim evim "Paşa-Sığorta” tərəfindən sığortalanıb, nümayəndələri gəlib baxdılar, şəkil çəkdilər, hələ xəbər yoxdur. 10 gün əvvəl Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinə, nazir Kəmaləddin Heydərovun adına rəsmi ərizə ilə müraciət etsəm də, heç bir məlumat yoxdur. "112 qaynar xətt”inə dəfələrlə zəng edib xəbər versəm də, maraqlanan yoxdur. Bildiyimə görə şirkət hüquq-mühafizə orqanlarında çalışan məmur tərəfindən himayə olunur. Görünür, qazandıqları pul gözlərini tutduğundan vətəndaşı görmək istəmirlər”.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında "Elnur-2008” MMC-yə 2018-ci ilin 19 aprelində 197 saylı qərarla 1 girişli 16 mərtəbəli yaşayış binası tikilməsi haqda icazə verildiyi qeyd olunub.

"Bərkitmə işləri aparmadıqlarından evimin yük götürən divarlarında ciddi çatlar yaranıb"
Mənbə: meydan.tv

Şirkətin fəaliyyəti haqda internetdə yalnız bir məlumata rast gəldik. Avqustun 1-də saat 16:00 radələrində fəhlə işləyən Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İsazadə yıxılaraq xəsarət alıb və hadisə yerində ölüb.

Bu barədə yayılan məlumatda bildirilib ki, rayon prokurorluğu və polis əməkdaşları tərəfində hadisə yerinə və meyitə baxış keçirilib. Ölümün səbəbi müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Şirkətin elektron ünvanı olmadığından ona kimlərin rəhbərlik etdiyi də naməlum qalır.

Nərimanov Rayon İcra Hakimiyyətinin birinci müavini Şahmar İbadov sualımızı dinlədikdən sonra günortadan sonra əlaqə saxlayacağını dedi. Üstündən 2 gün ötsə də Şahmar İbadovla əlaqə saxlamaq cəhdimiz alınmadı. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi telefon zənglərinə cavab vermədi.