Tramp koronavirusun Çin laboratoriyasında yarandığını deyir

Tramp koronavirusun Çin laboratoriyasında yarandığını deyir

01-05-2020 20:45 / Bu xəbər 542 dəfə oxundu

Prezident dedikləri ilə bağlı detal vermir

Donald Tramp iddia edir ki, ABŞ xüsusi xidmət orqanlarının koronavirusun "texnoloji olaraq hazırlanmadığı və ya genetik olaraq dəyişdirilmədiyi” qənaətinə baxmayaraq, virusun Vuhan Viroloji İnstitutunda ortaya çıxdığının sübut olunmamış nəzəriyyəsini əsaslandıran dəlillər görüb, - "Guardian” xəbər verir.

"Bunun haradan gəldiyini görəcəyik”, - Tramp cümə axşamı Ağ Evdəki tədbirdə deyib: "Bu məsələyə önəm verən insanlarımız var. Elm adamları, ziyalı insanlar və s. Hamısını bir yerə yığacağıq. Düşünürəm ki, nəticədə çox yaxşı cavabımız olacaq”.

Virusun Çin laboratoriyasında ortaya çıxdığını gördüyünə dair dəlilləri izah etməsini istəyən mediaya Tramp cavab verib: "Bunu sizə deyə bilmərəm. Bunu sizə deməyə icazəm yoxdur”.

Ağ Evdəki tədbirdən əvvəl ABŞ Milli Kəşfiyyat Direktoru Ofisi bəyanat yayaraq deyib ki, Covid-19 virusu insan tərəfindən hazırlanmayıb və genetik olaraq dəyişdirilməyib.

"Kəşfiyyat cəmiyyəti virusun yoluxmuş heyvanlarla təmas yolu ilə başlandığını və ya Vuhandakı bir laboratoriyada qəza nəticəsində olub-olmadığını müəyyən etmək üçün ortaya çıxan məlumatları ciddi şəkildə araşdırmağa davam edəcək”, - bəyanatda deyilir.

Hazırda qlobal olaraq infeksiyaya yoluxanların sayı 3,25 milyonu keçib. Bunun üçdə biri ABŞ-dadır. Ölkədə ölənlərin sayın 63 minə yaxınlaşıb. Dünyada xəstəlikdən sağalanların sayı 1 milyonu aşıb.

ABŞ prezidenti Çini dəfələrlə təhdid edib. Tramp Pekinin virusla bağlı siyasətinin onun noyabr ayında yenidən seçilməsinə qarşı planlandığını vurğulayır və Pekinin buna görə cavab verməli olacağını deyir.

Prezident və onun müttəfiqləri heç bir dəlili olmayan nəzəriyyəni təkrarlayaraq qeyd edirlər ki, Çində başlamış koronavirus pandemiyası Vuhanda laboratoriyada yaranıb və dünyada 220.000-dən çox insanın ölümünə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının Çindəki nümayəndəsi Qauden Qalea (Gauden Galea) təşkilatın Çin rəsmilərindən virusun mənbəyi ilə əlaqədar araşdırmalara qoşulmalarını xahiş etdiklərini deyib. 

"Bəzi milli araşdırmaların baş verdiyini bilirik, lakin bu mərhələdə biz iştirak etməyə dəvət olunmamışıq”, - o, "Sky News”a deyib.

ÜST Vuhandakı viruslar üzərində çalışan iki laboratoriyadan loglara baxa bilmədiyini, lakin tədqiqatçıların xəstəliyin istehsal olunmadığına inandığını deyib.

"Bütün mövcud dəlillərə əsasən, ÜST-ün üç səviyyəli sistem həmkarları koronavirusun mənşəyinin Vuhanda olduğuna və bunun təbii olaraq ortaya çıxdığına, istehsal edilməmiş bir virus olduğuna inanırlar”, - Qauden Qalea deyib.

Cümə günü Avstraliyanın Baş naziri Skott Morrison deyib: "Bizim əlimizdə olanlar (Vuhandaki bir laboratoriyanın) ehtimal olunan bir qaynaq olduğuna əsas vermir”. 

Onun hökuməti virusla bağlı obyektiv araşdırma aparmağa çağırıb.

ABŞ dövlət katibi Mayk Pompeo bu ayın əvvəlində deyib: "Çinin cavabları bölüşməməsi çox düşündürücüdür”. Pompeo Çini xaricdəki mütəxəssisləri laboratoriyaya buraxmağa çağırıb: "Bu, ona görə lazımdır ki, biz bu virusun haradan başladığını dəqiq müəyyənləşdirə bilək”.

Alimlər virusun yarasalarda təbii olaraq ortaya çıxdığını söyləyirlər. Vuhan Virologiya İnstitutu virusun çıxdığı marketdən 13 km aralıda yerləşir.///Meydan.tv