Tramp Putinlə görüşəcəyini deyir
10-01-2025 21:15 / Bu xəbər 36 dəfə oxundu
"Rusiya Prezidenti Vladimir Putin Amerikanın yeni lideri Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır”
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib.
Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Prezident Putin görüşmək istəyir. Biz də bunu təşkil edəcəyik. Hətta bunu açıq şəkildə ictimaiyyətə bildirdi. Biz də bu müharibəni bitirməliyik. Bu qanlı bir qarışıqlıqdır”, – Tramp deyib.
O, görüşün konkret vaxtını açıqlamayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın Kremllə dialoqa hazır olmasını şərh edib.
"Rusiya Prezidenti Vladimir Putin Amerikanın yeni lideri Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır. Bu cür təmasların təşkili Vaşinqtondan istək və siyasi iradə tələb edir, Prezident Putin ABŞ Prezidenti və Donald Tramp da daxil olmaqla beynəlxalq liderlərlə təmaslara açıq olduğunu dəfələrlə bəyan edib. Bunun üçün heç bir şərt tələb olunmur. Mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə gərəkdir”,- Peskov bildirib.
Donald Trampın inaqurasiyası yanvarın 20-nə planlaşdırılır.
Rusiya ilə Ukrayna arasında nə baş verir?
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.