Trampın iqamətgahında axtarış aparılıb

Trampın iqamətgahında axtarış aparılıb

09-08-2022 21:26 / Bu xəbər 1071 dəfə oxundu

ABŞ-ın sabiq prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) onun Floridadakı  iqamətgahına basqın etdiyini, şəxsi seyfini açdığını bildirib. 

Tramp özü həmin vaxt Nyu-Yorkda olub.

Federal Təhqiqatlar Bürosu hələlik bu mesajı rəsmi şəkildə şərh etməyib, lakin Amerika mediası öz mənbələrinə istinadən yazır ki, FTB keçmiş prezidentin Ağ Evdən çıxarkən özü ilə apardığı rəsmi sənədləri, o cümlədən məxfi sənədləri axtarıb.  

Qanunla onlar dövlət mülkiyyətidir və ABŞ Milli Arxivi uzun müddətdir Trampdan sənədlərin geri qaytarılmasını tələb edirdi. 

Məlumata görə, sənədlərin bəziləri geri qaytarılıb. Bir neçə ay əvvəl Milli Arxiv Baş Prokurorluğa şikayət edərək, Donald Trampı bütün sənədləri təhvil verməkdən imtina etməkdə ittiham edib.

"New York Times” qəzetinin yazdığına görə, axtarış qərarı vermək üçün FTB hakimləri inandırmalı idi. 

Ekspertlərin fikrincə, əgər məxfi sənədlər əsassız olaraq keçmiş prezidentin sərəncamında olubsa, bu, cinayət əməli kimi qiymətləndirilə bilər.

Sənədlərlə bağlı təhqiqat təkcə keçmiş prezident Trampla bağlı deyil. 

Son zamanlar Baş Prokurorluğun Donald Trampın məğlubiyyətini etiraf etməkdən imtina etdiyi 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqinə təsir etmək cəhdləri ilə bağlı araşdırmanı genişləndirdiyi barədə məlumatlar yayılıb.

Donald Tramp FTB-nin hərəkətlərini pisləyib: "ABŞ-ın keçmiş prezidentlərinin başına belə bir şey gəlməyib. Müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməyimizə baxmayaraq, evimə edilən bu basqın zəruri və məqsədəuyğun deyildi". 

Nümayəndələr Palatasındakı Respublikaçı azlığın rəhbəri Kevin Makkarti xəbərdarlıq edib ki, bu ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar Konqresdə çoxluğu qazanarsa, prokurorluğun keçmiş prezidentə qarşı hərəkətləri təhqiqat obyekti olacaq.

Prezidentlik dövründə Donald Tramp bir hissəsi qolf klubu kimi istifadə edilən Mar-a-Laqodakı iqamətgahında xeyli vaxt keçirirdi.