Trampın immiqrasiya qadağası 60 gün davam edəcək

Trampın immiqrasiya qadağası 60 gün davam edəcək

22-04-2020 18:21 / Bu xəbər 1215 dəfə oxundu

Prezident bu qərarı işini itirmiş amerikalılara dəstək məqsədilə etdiyini deyir

Prezident Donald Tramp çərşənbə axşamı deyib ki, onun yeni ABŞ-a immiqrasiya qadağası 60 gün davam edəcək və əsasən ölkədə yaşıl kartla daimi yaşayış əldə etmək istəyən şəxslərə tətbiq ediləcək.

"Reuters” xəbər verir ki, Tramp bu qərarın koronavirus səbəbilə itirilən iş yerlərini bərpa etmək istəyən amerikalılara dəstək məqsədiylə alındığını deyib.

Tramp qadağanın icra sərəncamını çərşənbə günü imzalayacaq. O deyib ki, qadağa ABŞ-a müvəqqəti olaraq daxil olan şəxslərə şamil olunmayacaq və 60 gün bitdikdən sonra yenidən nəzərdən keçiriləcək.

Tramp deyib ki, immiqrasiyanın dayandırılması işsiz qalmış amerikalıları işlə təmin olunması prosesində ilk sıraya alacaq.

"Virusa görə kənarlaşdırılmış amerikalıların xaricdən gətirilən yeni immiqrant iş qüvvəsiylə əvəz edilməsi səhv və ədalətsiz olardı. Biz ilk növbədə amerikalı işçinin qayğısına qalmalıyıq”, - o deyib.

Tramp həmçinin qeyd edib ki, sərəncamda bəzi dəyişikliklər ola bilər və buna görə o, qadağanı daha 60 gün və ya daha da uzun müddətə uzada bilər.

Respublikaçı olan prezident 2016-cı ildə immiqrasiyanı dayandıracağı vədi ilə Ağ Evi qazana bilmişdi. Tənqidçilər qeyd edirlər ki, Tramp yaranmış böhrandan istifadə edərək uzun müddətli siyasi məqsədini həyata keçirməyə çalışır.

Qadağa qanuni hərəkətlənməyə səbəb ola bilər.

ABŞ iqtisadiyyatını açmağa çalışıdığı bir dövrdə ölkəyə immiqrasiya axınının artacağı gözlənilir və administrasiyanın gözləntisi odur ki, işdən azad edilmiş amerikalılar işlərinə qaytarılsın və işəgötürənlər aşağı maaşa immiqrantlara iş təklif etməsinlər.

ABŞ Dövlət Departamenti 1 oktyabr 2018-ci ildə başlayan 2019 maliyyə ilində təxminən 462.000 immiqrasiya vizası verib. Vizalar immiqranta qeyri-rəsmi şəkildə yaşıl kart olaraq bilinən qanuni daimi yaşayış statusu almağa imkan verir. Bu status şəxsə ABŞ-da yaşamaq və işləmək, beş il sonra vətəndaşlıq üçün müraciət etmək imkanı verir.

Tənqidçilər Trampın yeni siyasətini pandemiyaya adekvat cavab verməkdən yayınmaq cəhdi kimi dəyərləndirir.

"Düşünürəm ki, bu xaincə yayınmadır”,- Vaşinqtonda sol siyasət institutu olan Amerika Tərəqqi Mərkəzinin prezidenti Neera Tanden deyib.///Meydan.Tv