Türkiyə məhbusları azad etməyi planlayır

Türkiyə məhbusları azad etməyi planlayır

07-04-2020 20:17 / Bu xəbər 917 dəfə oxundu

Yeni qanun terror ittihamı ilə həbs olunanlara şamil edilməyəcək

Türkiyə parlamenti çərşənbə axşamı həbsxanalarda həddən artıq çoxluğu azaltmağı və məhbusları koronavirusdan qorumağı hədəfləyən məhkumların sərbəst buraxılması qanununu müzakirə edib.

"Reuters” xəbər verir ki, qanun dövlət çevrilişindən sonra terror ittihamı ilə həbs olunan məhkumları nəzərdə tutmur.

Prezident Rəcəb Tayyib Ərdoğanın AK Partiyası tərəfindən irəli sürülən qanun layihəsi həbsxanalarda koronavirusun yayılması təhlükəsini aradan qaldırmaq üçün 45 minə yaxın məhbusu müvəqqəti azad etməyi nəzərdə tutur. Keçən il həbsxanaların həddindən artıq dolmasını azaltmaq üçün hazırlanan plana əsasən, bənzər sayda məhbus daimi olaraq azad ediləcək.

Görülən tədbirlərin həbsxanada sıxlığın üçdə birini azaldacağı gözlənilir. Lakin bu tədbirlər terrorizm ittihamı ilə mühakimə olunanları, xüsusilə də Ərdoğana qarşı 2016-cı ildə uğursuz hərbi çevrilişdən sonra həbs edilmiş minlərlə insanı əhatə etmir.

Bu dönəm ərzində baş vermiş siyasi təzyiq nəticəsində on minlərlə dövlət məmuru, məhkəmə işçiləri, hərbi personal, jurnalistlər və siyasətçilər həbs edilib.

"50,000-ə yaxın insan, o cümlədən ikinci böyük müxalifət partiyasının keçmiş rəhbəri, tanınmış jurnalist və bir xeyriyyəçi yeni qanundan yararlana bilməyəcək”, - müxalif millət vəkili deyib.

Kürd tərəfdarı Xalqların Demokratik Partiyasının (HDP) keçmiş başçısı Səlahəddin Demirtaş terror təşkilatına rəhbərlik etməkdə günahlandırılır və 3 ilə yaxındır ki, həbsdədir.

Demirtaşın vəkili deyib ki, 46 yaşlı Demirtaş COVID-19-a tutulma təhlükəsindədir. O, yüksək qan təzyiqinə sahibdir və tənəffüs problemləri ilə əlaqədar əməliyyat keçirib.

Vəkil Mahsuni Karaman terrorun qeyri-müəyyən və subyektiv termin olduğunu deyib.

"Milyonlarla insan Demirtaşı bir qəhrəman, bir siyasi lider olaraq görür, amma digər tərəf onu terrorçu hesab edir”, - o deyib.

Yazıçı Əhməd Altan və vətəndaş hüquqları müdafiəçisi Osman Kavala da daxil olmaqla, digər tanınmış məhbusların da eyni vəziyyətlə qarşı-qarşıyadır. "Pandemiya ilə birlikdə onlar ölümə tərk ediliblər”, - o deyib.

Dekabr ayında sinə ağrılarından sonra huşunu itirən Demişrtaş xəstəxanaya qaldırılmışdı. Keçən həftə vəkilləri səhhətinə görə Demirtaşın sərbəst buraxılması üçün müraciət ediblər.

Avropa Şurasının məlumatına görə, 2016-cı ildən bəri baş verən basqınlardan sonra Türkiyədə məhkumların sayı təxminən 300.000-ə qalxıb. Həbsxanalarda məhkumların sayının sıxlığına görə Türkiyə Avropada ikinci yerdədir.