Türkiyə ordusu Suriyaya girdi
24-08-2016 11:50 / Bu xəbər 1461 dəfə oxundu
Türkiyə Suriyadakı «İslam Dövləti» (İŞİD) qruplaşmasının hədəflərinə artilleriya atəşi endirir.
«The Times» dərgisinin əməkdaşı Hannah Lucinda Smith İstanbuldan yazır ki, 2 minədək suriyalı üsyançı Türkiyənin dəstəyi ilə Qarqamış şəhərinə toplaşıb, Carabulus şəhərinə hücuma hazırdırlar. Carabulus Türkiyəylə Suriya arasında İŞİD-in nəzarətində olan sonuncu şəhərdir.
SDF İRƏLİLƏYİR, TÜRKİYƏ NARAHATDIR
Əslində, Türkiyə ordusu bazar ertəsindən cihadçılara artilleriya zərbəsi endirməyə başlamışdı. İŞİD bir gün sonra Qarqamış və Kilisi minaatanlardan atəşə tutub. Qarqamış sakinlərinə şəhərdən çıxmaq əmr olunub.
Carabulusun itirilməsi İŞİD-in elan etdiyi xilafətə əsas marşrut xəttinin kəsilməsi deməkdir. Əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) koalisiyası da ABŞ təyyarələrinin və xüsusi qüvvələrinin dəstəyi ilə cənubdan Carabulusa yaxınlaşmaqdadır. SDF 10 gün öncə İŞİD-i Carabulusdan 20 mil cənubda yerləşən Mənbic şəhərindən çıxarıb.
Ankara sərhədi boyunca kürdlərin əlavə ərazi tutmasını əngəlləməyə çalışır və SDF-in irəliləməsini narahatlıqla izləyir. Türkiyə həmçinin, Mənbicdəki kürd mövqelərini hədəfə alır. SDF-in Carabulus hücumuna rəhbərlik edən komandiri Abdussatar al-Jadir bazar ertəsi qətlə yetirilib və SDF bunda Türkiyə təhlükəsizlik qüvvələrini suçlayır.
İSTANBULDA DA REYDLƏR KEÇİRİLİB
BBC xəbər verir ki, Carabulusda 70 hədəf artilleriya və raket zərbələri, 12 hədəfsə hava zərbələri ilə vurulub. Sərhəd boyunca tanklar irəliləyir və atəş açır.
Türkiyə ordusundakı mənbə «Reuters» agentliyinə bildirib ki, «əməliyyatın məqsədi sərhəddə təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyünü təmin etmək, eyni zamanda ABŞ-ın İŞİD-ə qarşı koalisiyasını dəstəkləməkdir».
Türkiyənin «Doğan» xəbər agentliyinin yazdığına görə, İstanbulda antiterror polisi İŞİD şübhəlilərinə qarşı reydlərə başlayıb.
BBC diqqəti Türkiyənin ötən ilin noyabrından bəri Suriyaya ilk dəfə zərbə endirməsinə çəkir. Axı Rusiya təyyarəsinin vurulmasıyla pisləşən Moskva-Ankara münasibətləri iyundan bəri düzəlməyə başlayıb.
Bu, həmçinin Türkiyənin Suriyaya ötən ilin fevralından bəri qurudan ilk müdaxiləsidir. O zaman Sultan Süleyman-ın məqbərəsinin yerinin dəyişdirilməsindən ötrü qısa əməliyyat keçirilmişdi.
KÜRDLƏR ÜÇÜN VACİB ADDIM
Türkiyə xüsusi qüvvələri İraqda kürd peşmərgələri ilə birlikdə İŞİD-i Mosuldan çıxarmağa çalışır. İki həftə öncə Türkiyə elan edib ki, cihadçılara qarşı beynəlxalq koalisiyaya altı F-16 qırıcısı göndərir.
Amma Türkiyə YPG-yə Kürdüstan Fəhlə Partiyasının (PKK) bir hissəsi kimi baxır. PKK 1980-ci illərdən bəri muxtariyyət uğrunda mübarizə aparır. YPG-ni Birləşmiş Ştatlar İŞİD-lə mübarizədə dəstəkləyir və qruplaşma Suriyanın şimalında ərazilər ələ keçirir. Avqustun 23-də YPG Suriyanın şimal-şərqindəki Əl-Hasaka şəhərinin böyük hissəsinə nəzarəti ələ alıb. Burada hökumət qüvvələrinin də mövqeləri var.
«The New York Times» yazır ki, Əl-Hasakada nəzarət baxımından əl dəyişən ərazi elə də böyük olmasa da, kürdlərdən ötrü vacib addımdır. Kürd döyüşçülər stadionu, həbsxananı, kiçik hərbi bazaları ələ keçiriblər. Hökumətin əlində isə təhlükəsizlik və nazirlik binalarının yerləşdiyi hissə qalır.///azadliq.org












