Tural Fərzili sərbəstdir
28-10-2023 01:43 / Bu xəbər 1199 dəfə oxundu
İşçi Masası Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzili sərbəst buraxılıb.
Bu barədə o, sosial mediada məlumat yayıb.
Fəal deyib ki, polislə bağlı yazdığı son statusa görə Xətai Rayon Polis İdarəsinə aparılıb.
Onun sözlərinə görə, orada onun çox mədəni davranıblar və sonra sərbəst buraxıblar.
İşçi Masası Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Təşkilatın daha iki üzvü Elvin Mustafayev və Ayxan İsrafilov da həbsdədir.
Onlara qarşı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb.
Fəalların üçü də özlərini təqsirli bilmir və həbsini fəaliyyətləri ilə əlaqələndirir.
Hüquq müdafiəçilər fəalların həbsini siyasi motivli hesab edir.
Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını bildirir