"Turan"a cinayət işi açıldı - TƏFƏRRÜAT

10-08-2017 22:34 / Bu xəbər 368 dəfə oxundu

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti "Turan" İnformasiya Agentliyinə qarşı cinayət işi açıb. 

Nəticədə 2014-cü ildən etibarən "Turan” İnformasiya Agentliyinə təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanıb.

"Turan"  İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, bu, siyasi xarakter daşıyır, şifarişdir və heç bir əsası yoxdur.  

Bu barədə o, ToplumTv-yə olan açıqlamasında deyib: "Bütün bu hərəkətlər onların qərəzli olduğunu göstərir. Bir gün ərzində ittiham irəli sürmək, onu əsaslandırmamaq, heç bir ilkin araşdırma aparmadan, birdən-birə, kiminsə haradasa oturub cinayət işi açılması ilə bağlı qərar verməsi gülməlidir. Tam qanun pozuntusudur. Siyasidir, şifarişlidir, qərəzlidir”.

Vəkil Fuad Ağayev də deyir ki, "Turan" İnformasiya  Agentliyi tərəfindən törədilən hər hansı hüquq pozuntusndan söhbət gedə bilməz: "Bunu iddia edənlər özləri öz məsuliyyətləri barəsində düşünməlidirlər. Biz fikirləşirik ki, Vergilər Nazirliyinin rəhbərliyi özü müvafiq tədbir görmək istəyər. Hər halda buna ümidimizi tam itirməmişik. Burada hansısa mürəkkəb hüquqi problem və s. yoxdur. Ona görə o barədə danişmağa ehtiyac da görmürəm”.