Türk ordusunun zəlzələyə müdaxiləsi niyə gec və yetərsiz oldu?

Türk ordusunun zəlzələyə müdaxiləsi niyə gec və yetərsiz oldu?

12-02-2023 12:56 / Bu xəbər 1147 dəfə oxundu

Şahin Cəfərli

1997-ci ildə Baş Qərargah və Daxili İşlər Nazirliyi arasında "Emniyet-Asayiş Yardımlaşma Protokolü” (EMASYA) adlanan sənəd imzalanıb. 

Bu Protokola əsasən orduya polisin gücünün yetməyi hallarda şəhərlərdəki terror hücumlarına və digər iğtişaşlara müdaxilə etmək hüququ verilib. 

Təbii fəlakətlər – zəlzələ, sel və böyük yanğınlar zamanı ordunun gücündən və imkanlarından istifadə olunması isə EMASYA Protokolu ilə tənzimlənən ən önəmli məsələ idi. 

Bu sənədə əsasən 1999-cu il 17 avqust zəlzələsinda ordu hökumətin təlimatını gözləmədən dərhal hərəkətə keçdi və 15 generalın komandanlığı ilə 36 min əsgər və zabit zəlzələ bölgəsinə göndərildi. 

Xilasetmə tədbirlərinə başlanıldı, ərazidə səhra hospitalları və çadırlar, səyyar mətbəxlər, səyyar çörəkbişirmə məntəqələri, peyk rabitəsi quruldu, ordunun ehtiyatlarından əhaliyə su və gigiyena vasitələri paylanıldı.

Ordu həm də ölkə daxilindən və xaricdən gələn yardımların paylanmasını koordinasiya etmək üçün lojistik mərkəzlər yaratdı. (Hazırda bu, ən ciddi problemlərdən biridir.) Əlbəttə ki, heç nə ideal deyildi, amma ən azından ordu mümkün olan ən tez müddətdə duruma müdaxilə edərək əlindən gələni etmiş və öz xalqının yanında olmuşdu. 

AKP iqtidara gəldikdən sonra 2010-cu ildə EMASYA Protokolunu ləğv etdi. Bunu belə izah etdilər ki, Protokol darbe üçün hüquqi zəmin yaradır. 

Darbe demişkən, 15 iyul 2016-cı ildə baş vermiş və hələ də bir çox məqamları qaranlıq qalan hadisədən sonra ordunun təhsil, səhiyyə, kazarma infrastrukturu ilə bağlı radikal qərarlar qəbul olunduğunu da xatırlatmaq yerinə düşər. 

Qanun Hökmündə Qərarnamə ilə hərbi akademiyalar, hərbi litseylər və məktəblər (harp akademileri, askeri liseler ve astsubay hazırlama okulları) ləğv edildi və yerində Milli Müdafiə Universiteti quruldu, rektorluğa isə bir tarixçi (Erhan Afyoncu) təyin olundu. 

Məşhur Gülhanə Hərbi Tibb Akademiyası (GATA) və digər 33 hospital Baş Qərargahdan alınaraq Səhiyyə Nazirliyinə verilib, mülkiləşdirildi. 

Şəhərlərin ərazisində yerləşən hərbi hissələr başqa yerə köçürülərək boşalan ərazilərdə parklar yaradılacağı vəd olunsa da, sonradan həmin ərazilərin bir qismi TOKİ-yə (dövlətin inşaat şirkəti) verildi və oralarda binalar tikildi, digər ərazilər isə satıldı.
 
Bundan başqa, "darbe”dən sonra Quru, Hava və Dəniz qüvvələri komandanlıqları (kuvvet komutanlıkları) Baş Qərargahın tabeliyindən çıxarılaraq siyasi fiqur olan müdafiə nazirinə tabe etdirildi. 

Millət İttifaqının hökumət proqramında hərbi litsey və məktəblərin təkrar açılması, GATA-nın və digər hospitalların orduya qaytarılması, komandanlıqların təkrar Baş Qərargaha bağlanması nəzərdə tutulur.