Türkiyə hökuməti “Instagram”ın yenidən açılmasının şərtini açıqladı
05-08-2024 14:39 / Bu xəbər 666 dəfə oxundu
"Pozuntular aradan qaldırıldıqdan sonra "İnstagram”a giriş yenidən bərpa olunacaq"
Türkiyə hökumətinin ölkədə "Instagram”ın yenidən açılması ilə bağlı şərtini açıqladığı deyilir.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyədən kənarda yaşayan bəzi ölkə nümayəndələrinin paylaşımlarına görə "İnstagram” bağlanıb: "Türkiyə müəyyən edilmiş qayda-qanunlarla idarə olunur. Ölkədən kənarda yaşayan həmyerlilərimiz etdiyimiz xəbərdarlıqlara məhəl qoymayıb, "İnstagram”da paylaşımlar edirlər. Sonuncu dəfə onlara "kataloq cinayətlər” kimi müəyyən edilən qaydalar daxilində xəbərdarlıq etdik. Qarşılıq almadığımız üçün giriş qadağası qoyduq".
Nazir deyib ki, həmin şəxslər pozuntuları aradan qaldırdıqda "İnstagram”a giriş yenidən bərpa olunacaq.
"Müvafiq nümayəndə ilə danışıqlar aparılır. Problemli məzmun silindiyi anda, məsələn, 1 saat sonra biz "İnstagram”ı blokdan çıxaracağıq. Bu müstəqil ölkədir, qanunlar və qaydalar var. Biz də birmənalı olaraq hər kəsin bu qanunlara və qaydalara əməl etməsini istəyirik”, – Abdulkadir Uraloğlu deyib.
2024-cü il avqustun 2-də Türkiyədə "İnstagram” bağlanıb.
Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin açıqlamasında deyilir ki, çoxsaylı cinayət paylaşımları sosial medianın bloklanmasına səbəb olub.
Həmin paylaşımlar Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu ilə tənzimlənir və həbs üçün əsas hesab edilir.(Meydan TV)