Türkiyədəki daşqınlarda 27 nəfərin həlak olduğu bildirilir

Türkiyədəki daşqınlarda 27 nəfərin həlak olduğu bildirilir

13-08-2021 23:27 / Bu xəbər 1058 dəfə oxundu

Evakuasiya edilmiş sakinlər tələbə şəhərciklərində yerləşdiriliblər

Türkiyənin Qara Dəniz bölgəsindəki daşqınlar 27 nəfərin həyatına son qoyub. Daşqınlar səbəbindən Kastamonuda 25, Sinopda isə 2 nəfər həlak olub. Bartində isə itkin düşən bir nəfərin axtarışı davam edir.

Ötən həftə Türkiyədə davam edən meşə yanğınlarında isə 8 nəfərin həlak olduğu açıqlanmışdı.

Rəsmilər cənub sahil bölgələrində iki həftə davam edən meşə yanğınlarının nəzarət altına alındığını elan edəndən sonrabu dəfə şimalda Qara Dəniz bölgəsində daşqınlarla üz-üzə qaldılar. Yanğınlarda Türkiyənin minlərlə hektar meşə zolağı məhv olub, 1700-dən çox insan evindən köçüb.

İlkin hesablamalara görə, yanğın Türkiyəyə 300 milyard lirə (34 milyard 800 milyon dollar) ziyan vurub. Hələlik, dəymiş ziyanın hesablanması davam edir.

Daşqınlara gəlincə, Reuters yazır ki, avqustun 12-də Qara dənizin sahillərində yerləşən Kastamonu şəhərini sel basıb, buradakı körpülər və yolları dağıdıb.

Həmçinin, Sinop və Bartın əyalətlərində daşıqn ciddi fəsadlar törədib.

Təbii fəlakət zonalarından 900-dən çox adam çıxarılıb.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, evakuasiya edilmiş sakinlər tələbə şəhərciklərində yerləşdiriliblər.

Daşqın həmin bölgələrə elektrik enerjisinin verilməsinin də qarşısını alıb. 170-dən çox kənd işıqsız qalıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bölgəsə səfər edəcəyini açıqlayıb.

Daxili işlər naziri Süleyman Soylu isə Bartın, Kastamonu və Sinop əyalətlərində baş verən ziyanı araşdırdıqdan sonra jurnalistlərə "gördüyüm ən pis sel fəlakətidir” açıqlaması verib.

Bildirib ki, bu bölgələrdə insanların üzləşdiyi risk yüksəkdir və dəymiş ziyan çoxdur.

Bəzi ərazilərdə yollar və körpülər dağılıb, yaşayış məntəqələri ətraf mühitdən təcrid vəziyyətə düşüb, həyatyanı sahələr və şəxsi avtomobillərə ciddi ziyan dəyib.

Sinop Bələdiyyə Başçısı Barış Ayhan 3 nəfərin öldüyünü, 20 nəfərlə isə əlaqənin kəsildiyini bildirib.

O, hökuməti ərazidə fövqəladə vəziyyət elan etməyə çağırıb: "Ayancıkda (rayon) infrastruktur tamamilə çöküb. Kanalizasiya sistemi xarab olub. Elektrik və su yoxdur”, - deyə o bildirib.

Türkiyənin meteorologiya idarəsi Qara Dənizin mərkəzi və şərq hissəsində daha da şiddətli yağış yağacağının gözləndiyini bildirib və daha çox daşqın riski barədə xəbərdarlıq edib.