Türkiyənin tanınmış aktyorları Bakıda

Türkiyənin tanınmış aktyorları Bakıda

24-01-2022 13:34 / Bu xəbər 722 dəfə oxundu

"Benden ne olur?" - Türkiyə istehsalı olan yeni filmin qəhrəmanı Sertap Bal məhz bu suala cavab axtarır. 

Film boyu başına müxtəlif əhvalatlar gələn bu dəli-dolu qızın obrazını "Aşk-ı-memnu", "Adını Feraha koydum", "Bizim hikaye" və digər seriallardan Azərbaycan tamaşaçısına da yaxşı tanış olan Hazal Kaya ifa edir. 

Rejissoru Murat Şenöy olan romantik komediyanın Bakıda keçirilən qala-gecəsində iştirak etmək üçün ölkəmizə gələn aktrisa jurnalistlərin suallarını da cavablandırıb. 

O, Azərbaycanda izdihamla qarşılandıqlarından təsirləndiyini və izləyicilərin filmi necə qəbul edəcəklərini həyəcanla gözlədiyini deyib. 

Park Cinema Flame Towers-də baş tutan qala-gecədə filmin digər aktyor heyəti - Enis Arıkan və Selin Şekerçi, eləcə də, ssenari müəlliflərindən biri Aslı Kızmaz də iştirak edib. 

Onlar Bakını, xüsusən də yeməklərimizi çox bəyəndiklərini bildiriblər. 

Filmin digər qəhrəmanı - Soner Güler obrazını ifa edən tanınmış aktyor Onur Tunanın Bakıda keçirilən qala-gecəyə qatılmamasının səbəbinə gəlincə, onun hazırda Türkiyədə seriala çəkildiyi bildirilib. 

"Benden ne olur?" filmini artıq Bakı kinoteatrlarında izləmək mümkündür.

Ülviyyə