Ukrayna dəstək istədi, Türkiyə "yox" dedi

Ukrayna dəstək istədi, Türkiyə

25-02-2022 13:41 / Bu xəbər 1127 dəfə oxundu

Türkiyə Ukraynanın boğazları bağlamaq təklifinə müsbət cavab verməyib. 

Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

"Ukrayna bizə rəsmi müraciət edib. Montrö müqaviləsinin müddəaları çox aydın və dəqiqdir. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini dayandıra bilər. Müharibə vəziyyətini qanuni olaraq qəbul etsək, Montrö kontekstində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma biz qadağan etsək də, rusların belə hüququ var. Müqavilə imzalanarkən Rusiyanın öz bəndi var idi. 19, 20 və 21-ci maddələr onları tənzimləyir. Sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq xahişi ilə keçmək istəyirsə, buna icazə verilir", - deyə o bildirib. 

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə "xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk "respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

O bildirib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
 
Ukrayna prezidenti Vladimir Zelenski isə Qərb dövlətlərinin və müttəfiqlərin ona kömək etmədiyini deyib. 
 
Zelenski təəssüf hissi ilə bildirib ki, tərəfdaşları Ukraynanı NATO-da görməyə hazır deyil: "NATO-ya üzv olmaq üçün Ukraynaya kim zəmanət verməyə hazırdır? Düzü, hamı qorxur. Bu gün Moskvadan eşitdik ki, onlar dövlətimizin neytral statusundan danışmağa hazırdırlar. Bütün tərəfdaşlarımızdan soruşuram ki, hazırda ölkəmizin taleyi həll olunur, siz bizimləsiz? Cavab verirlər ki, bizimlədirlər. Amma bizi özləri ilə alyansa aparmağa hazır deyillər". 

"Mən bu gün birbaşa Avropanın 27 liderindən soruşdum – Ukrayna NATO-da olacaqmı? Hamısı qorxur. Cavab vermirlər. Amma biz ölkəmizi qoruyarkən heç nədən qorxmuruq”, - o deyib.