Ukrayna ilə müharibədə Putinin cəmi iki yolu qalıb… və bu çox qorxuludur

Ukrayna ilə müharibədə Putinin cəmi iki yolu qalıb… və bu çox qorxuludur

16-03-2022 00:27 / Bu xəbər 1534 dəfə oxundu

Tomas Fridman
Amerikalı jurnalist, 
Pulitser mükafatının 3 qat laureatı

Əgər Vladimir Putinin Ukrayna müharibəsində yaratdığı geosiyasi qeyri-sabitliyin pik həddə çatdığına ümid edirsinizsə, yanılırsınız. Biz hələ heç nə görməmişik.

Putin Ukrayna ilə müharibədə yalnız iki məğlubiyyət yolu arasında seçimini dərk etməlidir: o, Ukraynada daha tez və daha az itki verməklə və ya daha gec, lakin fəlakətli və rüsvayçı şəkildə məğlub ola bilər. 

Təxminən 6000 nüvə başlığına malik, dünyanın üçüncü ən böyük neft ixracatçısı olan Rusiyanın məğlubiyyətini etiraf etməyə gücü çatmayan bir adamın başlatdığı müharibəni uduzduğu zaman yaşayacağı maliyyə və siyasi sarsıntını təsəvvür belə edə bilmirəm.

Niyə etiraf edə bilmir? 

"Putinin Ukraynaya gedən yolu" haqqında kitab yazan Amerika Sahibkarlıq İntitutunun Rusiya üzrə eksperti Leon Aronun qeyd etdiyi kimi, Putin "rus milli ənənələrinin hərbi uğursuzluqları bağışlamadığını”, şübhəsiz ki, gözəl bilir.

Aron "The Washington Post” üçün məqaləsində fikrini belə davam edir: "Rusiyada demək olar ki, hər bir böyük məğlubiyyət köklü dəyişikliklərlə nəticələnib”. 

- Krım müharibəsi (1853-1856) imperator II Aleksandrın liberal inqilabını sürətləndirdi. 

- Rus-Yapon müharibəsi (1904-1905) Birinci Rus İnqilabına səbəb oldu. 

- Birinci Dünya Müharibəsinin fəlakəti imperator II Nikolayın taxtdan imtina etməsinə və bolşevik inqilabına səbəb oldu. 

- Əfqanıstandakı müharibə isə Sovet lideri Mixail Qorbaçovun islahatlarında əsas amil idi. 

- Bundan əlavə, Rusiyanın Kubadan getməsi Nikita Xruşşovun iki ildən sonra hakimiyyətdən uzaqlaşdırılmasına böyük töhfə verdi.

Yaxın həftələrdə daha aydın olacaq ki, Ukraynada bizim Putinlə ən böyük problemimiz onun tez və daha az itki ilə oyundan çıxmaqdan imtina etməsi olacaq. 

Buna yeganə mümkün alternativ isə budur: daha gec və daha fəlakətli məğlubiyyət. 

Ancaq məğlubiyyətini etiraf edə bilmədiyinə görə, o, nüvə silahından istifadə etməyə qərar verənə qədər Ukraynadakı "stavkanı” artırmağa davam edə bilər.

Nəyə görə hesab edirəm ki, Ukraynada məğlubiyyət Putin üçün yeganə seçimdir? Burada yeganə sual budur: nə zaman və hansı miqyasda? Çünki onun təsəvvür etdiyi kiçik qüvvələrin asan işğalı və ukraynalılar tərəfindən "isti” qarşılanması sırf fantaziyalara bağlı idi. Bundan sonrakı baş verənlərin səbəbi məhz bu fantaziyalar olacaq. 

Putin Ukraynanın müstəqil və Qərbin bir parçası olmasını,  bir çox ukraynalıların bu iki məqsəd üçün ölənə qədər döyüşə biləcəyini doğru qiymətləndirə bilmədi. O, öz silahlı qüvvələrinin gücünə həddindən artıq güvəndi, lakin prezident Baydenin ukraynalılara "ayaq üstə” durmaq, mübarizə aparmaq və Rusiyanı daxildən çökdürmək üçün qlobal iqtisadi və hərbi koalisiyanı aktivləşdirmək qabiliyyətini ümumiyyətlə nəzərə almadı. 

Son belə koalisiya Səddam Hüseynin Küveytin işğal etdiyi zaman Corc Buş tərəfindən "aktivləşdirilmişdi”. 

Bundan başqa, Putin, hökumətlərin tətbiq etdiyi sanksiyalara, demək olar ki, bütün dünya üzrə şirkətlərin və şəxslərin öz təşəbbüsü ilə qoşulma imkanlarını proqnozlaşdıra bilmədi.

Bir lider üçün çox səhvlərə yol verdikdən sonra ən yaxşı seçim - minimum itkilərlə mümkün qədər tez oyundan çıxmaqdır. Putinin timsalında bu, məsələn, "xüsusi hərbi əməliyyat” nəticəsində Ukraynada yaşayan rusları uğurla müdafiə etdiyi barədə yalançı, amma xilasedici bəhanəsi ilə qoşunların dərhal Ukraynadan çıxarılması demək olardı. Lakin belə hal "rus dünyasının ləyaqətini və birliyini bərpa etmək” fikri ilə yaşayan insan üçün, əlbəttə ki, alçaldıcı və dözülməzdir.

Yeri gəlmişkən, hazırda Ukraynadakı real vəziyyətə nəzər yetirsək, görərik ki, Putin üçün bu müharibədə məğlubiyyət fərqli ola bilər: daha tez və fəlakətli. Düzdür, mən buna tam əmin deyiləm, amma fakt odur ki, Ukraynada gündən-günə daha çox rus əsgəri ölür. Kim bilir indi rus ordusunda çağırışçıların əhval-ruhiyyəsi necədir?! Axı onları izah edilməmiş səbəblərə görə qardaşlarına - slavyanlara qarşı şəhər şəraitində döyüşlərə aparılırlar.

Ukraynalıların Rusiya işğalına qarşı geniş müqavimətini nəzərə alsaq, hərbi qələbəyə nail olmaq üçün Putin bir neçə həftə davam edən hərbi əməliyyatlar və dinc əhali arasında çox saylı itkilər bahasına paytaxt Kiyev  də daxil olmaqla Ukraynanın bütün böyük şəhərlərini işğal etməlidir. Qoyulan məqsədə çatmaq üçünsə o və onun generalları Avropanın Hitlerdən sonra görmədiyi müharibə cinayətlərinə əl atmalıdırlar. Sözsüz ki, bu addımın nəticəsi olaraq Putin Rusiyası əbədi olaraq beynəlxalq aləmdən "qovulacaq”. 

Digər tərəfdən, Putin əhalisi Rusiya əhalisinin təxminən 1/3 hissəsi qədər olan və sakinlərinin Moskvaya düşmən kəsilən Ukraynaya necə nəzarət edə bilər? 

Görünən odur ki, Ukraynaya soxulmuş 150 min əsgərinin hamısını əbədi olaraq orada saxlamalıdır. Amma inanmıram ki, Ukraynanı nəzarətdə saxlamaq üçün bu qədər hərbi qüvvə də kifayət etsin. 

Mən sadəcə olaraq Putinin Ukraynada uzunmüddətli qələbə perspektivini görmürəm. Ona görə ki Ukrayna onun təsəvvür etdiyi ölkə deyil. Heç Ukrayna, sadəcə "nasist rəhbərliyini” aradan götürməklə "yumşaq gücə” bel bağlayaraq, "Ana Rusiya”nın qucağına əyləşdirilməsini gözləyən ölkə də deyil. 

Bu səbəbdən də Putin ya gələcək hərbi itkilərin qarşısını almaqla Rusiya iqtisadiyyatını bərpa etmək və hakimiyyətdə qalmaq naminə sanksiyaların heç olmasa bir hissəsindən "yan keçmək” ümidi ilə qoşunlarını geri çəkir, ya da ki Ukrayna və dünyanını bir çox hissəsi ilə Rusiyanın gücünü və infrastrukturunu məhv edəcək sonsuz müharibə ilə üz-üzə qalır.   

Putin sanki ikinci seçimlə "yaşayır” və bu, məni dəhşətə gətirir. Çünki Putin Rusiyasından daha qorxulu – ətrafında nüvə başlıqları, kibercinayətkarlar, neft və qaz quyuları, hakimiyyətdəki hərc-mərclik olan zəif, alçaldılmış və hissələrə bölünmüş Rusiyadır.

Putin Rusiyası o qədər də qüdrətli deyil ki, uğursuzluğa düçar olmasın. Bununla belə, Rusiya uğursuzluğu dünyanın qalan hissəsində qarışıqlığa səbəb olacaq qədər böyükdür.  

Yazı "Nv.ua" saytından götürülüb.
Tərcümə: Nizami Bağırov