Ukrayna Kurskda 11 kəndi ələ keçirib: "Rusiya əsgərləri mühasirəyə düşüb"
07-08-2024 14:50 / Bu xəbər 760 dəfə oxundu
Dünən Rusiyanın Kursk vilayətinin ərazisinə daxil olan Ukrayna Silahlı Qüvvələri (USQ) bölgənin nə az, nə çox, 15 kilometr dərinliyinə qədər irəliləyib və 11 yaşayış məntəqəsini ələ keçirib.
Bu barədə Rusiya "Teleqram" kanalları yazır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, "Rıbar” Teleqram kanalının müəllifi Mixail Zvinçuk yazır ki, avqustun 7-də gecə saat 1-ə olan məlumata görə, Nikolayevo-Daryino, Daryino və Sverdlikovo Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olub.
"İki Mayor” "Telegram" kanalı yazır ki, Ukrayna qoşunları 11 yaşayış məntəqəsində olub: Lyubimovka, Obuxovka, Pokrovskoye, Zelyonıy Şlyax, Tolstiy Luq, Nijniy Klin, Nikolayevo-Daryino, Daryino, Sverdlikovo və Lebedevka.
"Rıbar”ın sözlərinə görə, Kursk vilayətinin ələ keçirilmiş ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər döyüşçüsü var.
Zvinçuk qeyd edir ki, hazırda döyüşlər Qonçarovkada, eləcə də "Rusiya hərbçilərinin tam mühasirəyə düşdüyü” Oleşnya kəndində gedir.
Onun hesablamalarına görə, cəbhənin eni təxminən 10 kilometrdir.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ehtiyatları Kursk vilayətinə köçürməkdə davam edir: Ukrayna qoşunlarının böyük konsentrasiyası Yunakovkada qeydə alınıb, oradan da Sverdlikovo və Qonçarovkaya göndərilir.
Onun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri sərhəddə 2000-ə qədər döyüşçü cəmləyib.
Zvinçuk ehtimal edir ki, bu bölgədəki hücum "ən azı bir neçə gün” davam edəcək və Ukrayna hərbçiləri nəzarət zonasını genişləndirməyə çalışacaqlar.