Ukrayna Müdafiə Nazirliyi Xarkovda durumun ağır olduğunu deyir

Ukrayna Müdafiə Nazirliyi Xarkovda durumun ağır olduğunu deyir

17-04-2022 13:39 / Bu xəbər 1895 dəfə oxundu

"Bu gün ərzində Rusiya ordusu Mariupola aviazərbələr endirib, dəniz limanına hücumlar edilib. Ukrayna ordusu müqavimət göstərək şəhəri müdafiə etməyə çalışır".

Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar belə deyib.

Xəbəri "Ukrinform” yayıb. 

Nazir müavini bildirib ki, Ukrayna ordusu müqavimət göstərməkdə davam edir: "Mariupol Ukrayna üçün qalxan rolunu oynayır. Bu şəhər Rusiya qoşunlarının daha irəli getməsinin qarşısını alır".

Onun sözlərinə görə, son sutka ərzində Ukrayna silahlı qüvvələri Donetsk və Luqansk istiqamətində qarşı tərəfin 10 hücumunu dəf edib: "Xarkovda durum ağırdır. Şəhərin bir hissəsi mühasirədə qalıb. Qarşı tərəfin şəhərə hücumları davam edir. Savaş Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. Rusiya hərbçiləri dinc sakinləri hədəf alır, humanitar yardıma mane olurlar”.

Bir müddət öncə Mariupolun meri daha əvvəl demişdi ki, müharibədən bəri şəhərdə 20 minə qədər dinc sakin həlak olub.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.