Ukrayna NATO-ya üzv olmaq üçün ərizəni imzaladı

Ukrayna NATO-ya üzv olmaq üçün ərizəni imzaladı

30-09-2022 20:07 / Bu xəbər 830 dəfə oxundu

Zelenski: "Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə danışıqlar aparmayacaq”

Ukrayna Prezident Volodimir Zelenski, Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıxal Ukraynanın "sürətləndirilmiş qaydada NATO-ya üzv olmaq” ərizəsini imzalayıb.

Bu barədə V.Zelenski sentyabrın 30-da yaydığı videomüraciətdə məlumat verib.

"Bu gün Ukrayna NATO-ya üzv olmaq üçün müraciət edir. Bütün cəmiyyətimizi qorumaq üçün bu addımı atırıq”, – Zelenski belə deyib.

Volodimir Zelenski onu da bildirib ki, Vladimir Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə danışıqlar aparmayacaq: "Məhz biz Rusiyaya həmişə bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif etmişik. Açığı, Rusiya prezidenti ilə bu, mümkün deyil. O, nə olduğunu bilmir. Ləyaqət və dürüstlük budur. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, lakin Rusiyanın fərqli prezidenti ilə”.

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: "Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.