Ukrayna Rusiya banklarının SWIFT-dən ayrılmasına necə nail olub? - Kuleba sirləri açdı

Ukrayna Rusiya banklarının SWIFT-dən ayrılmasına necə nail olub? - Kuleba sirləri açdı

21-03-2022 23:05 / Bu xəbər 981 dəfə oxundu

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainskaya Pravda" nəşrinə geniş müsahibə verib

Müsahibədə diqqət çəkən əsas məqamlardan biri Rusiya banklarının SWIFT-dən ayrılması məsələsinin necə həll olunması ilə bağlı verdiyi açıqlamalardır. 

Məlum olduğu kimi, Rusiyanın Ukrayanaya təcavüzünün ilk günlərində Avropanın bir çox böyük ölkələri buna qarşı çıxırdı. 

Bəs Ukrayna bu problemi necə çözüb? 

Gəlin Kulebanı dinləyək:

"Rusiya banklarının SWIFT-dən ayrılmasına belə nail odluq"

Təcavüzün hələ üçüncü günündə SWIFT məsələsi "dalana dirəndi”. Nə vaxtsa xatirələrimi yazacağam və orada "SWIFT” adlanacaq ayrıca bir fəsil olacaq.
 
Açığını deyim ki, biz klassik diplomatiya alətləri ilə hərəkət etsəydik, o zaman Rusiya banklarının SWIFT-dən ayrılmasına nail ola bilməzdik. Bu nəticəni əldə etmək üçün iki həlledici məqam oldu.

Birincisi, prezident Zelenskinin Avropa Birliyi liderlərinin sammitinə onlayn qoşulması idi. Bu həmin çıxış idi ki, prezident orada "bəlkə də məni sağ olaraq sonuncu dəfə görürsünüz" dedi. Bu söhbət avropalılarda çox böyük təəssürat yaratdı və deyəsən ertəsi gün və ya bir gün sonra mən Avropa Birliyinin xarici işlər nazirlərinin görüşünə onlayn qatıldım, orada hansı sanksiyaların tətbiq edilməsi müzakirə olunurdu. Bundan əvvəl oradan məlumat sızdıran dostlarım yazmışdılar ki, SWIFT məsələsində nəticə əldə etmək olmur. Görüşə qatıldığım zaman SWIFT məsələsini bloklayan ölkələr barədə məlumata sahib idim. 

Mən son dərəcə qeyri-diplomatik, prinsipcə, diplomatiyada qadağan olunmuş üsula əl atmalı idim – onların adlarını bir-bir səsələndirməli idim. Ölkələrin adlarını deyil, ölkələri təmsil edən şəxslərin adlarını. Və mən bunu etdim.

Çox yumşaq desək, bu, qaydalara zidd, çox riskli addım idi. Anlayırdım ki, ya indi, ya da ki, heç vaxt… Bu səbəbdən də görüşdə mən bu beş nəfərin adını çəkdim.

Məndə olan məlumata görə, mənimlə əlaqəni kəsib, iclası davam etdirdikdən sonra orada sözün əsl mənasında armageddon baş verib. Növbəti iki saat ərzində adını çəkdiyim həmkarlardan üçü mənə telefonla zəng etdi. Daha doğrusu, ikisi zəng etdi, biri isə mesaj göndərdi. Mesaj belə idi: "Mənə və ölkəmə böhtan atmağa necə cəsarət edirsiniz? Biz orada nəyə qarşıyıq? Biz əslində heç vaxt bu SWIFT-i müzakirə etməmişik".

Əslində belə sözlər xoş olmadı, amma vecimə deyildi, çünki anladım ki, o, artıq geriyə addım atdı. 

Digəri isə zəng edib az qala ağlaya-ağlaya deməyə başladı: "Başa düş, bu, çox çətindir. Bu, ölkəmiz üçün pis nəticələrə səbəb olacaq. Biz buna gedə bilmərik. Qiymətlər qalxacaq, vətəndaşlarımızın evlərində işıq olmayacaq”. Mən isə ona "bax, evlərinizdə işıq olmayacaq deyə narahatsınız? Biz də narahatıq ki, ümumiyyətlə evlərimiz olmayacaq, çünki onları bombalayacaqlar. Razılaşın ki, bunlar ölçüyəgəlməz şeylərdir", - cavab verdim. 

Üçüncü zəng isə belə oldu: "Dmitri, səni eşitdim, indicə mediamızın qarşısına çıxdım, mətbuat konfransı keçirdim və dedim ki, mənim ölkəm Rusiyanın SWIFT-dən tamamilə kəsilməsinin tərəfdarıdır, biz sizin tərəfinizdəyik”.

Rusiya banklarının SWIFT-dən ayrılmasına bax belə nail olduq.

Düzünü desəm, bütün diplomatik karyeram ərzində SWIFT hekayəsindən daha mürəkkəb bir məsələ olmayıb. Əsas odur ki, nəticə var və bu tabu aradan götürüldü.

İki gün əvvəl isə mən çox nüfuzlu bir Avropa Birliyi ölkəsinin xarici işlər naziri ilə danışdım. O, mənə bir cümlə dedi və indi də mən istəyirəm ki, Avropa Birliyi ölkələrinin bütün xarici işlər nazirləri bu ifadəni mənə təkrar etsinlər. O cümlə belə səslənir: "Dmitri, artıq Rusiyaya qarşı hər-hansı sanksiyalarla bağlı hökumətimizin heç bir tabusu yoxdur”.

Rusiyaya qarşı sanksiyalar üzərindən tam və geri dönməz qələbə qazanmaq üçün məhz belə əhval-ruhiyyəyə sahib olmalıyıq.  

Tərcümə: Nizami Bağırov