Ukrayna Rusiyanın neft bazasını partladıb

Ukrayna Rusiyanın neft bazasını partladıb

01-04-2022 15:14 / Bu xəbər 2757 dəfə oxundu

Aprelin 1-də səhər saat 5.51-də Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopter Rusiyanın Belqorod vilayətindəki neft bazasını hava zərbəsi ilə partladıb.

Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat yayıb.

Qubernator insan itkisi ölmadığını bildirib: "2 fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür. Hazırda Bazada səkkiz su anbarı yanır”.

Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan Ukrayna silahlı qüvvələrinin 353 pilotsuz uçuş aparatını, 1839 tankını və 202 reaktiv yaylım atəşini məhv etdiyi barədə məlumat yayıb.

"Ümumilikdə, 124 təyyarə və 81 helikopter, 353 pilotsuz uçuş aparatı, 1839 tank və digər zirehli döyüş texnikası, 202 MLRS, 773 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1711 ədəd xüsusi təyinatlı ordu nəqliyyat vasitələri vurulub”, – deyə nazirlik bildirib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.