Ukraynada devalvasiya

Ukraynada devalvasiya

22-07-2022 00:12 / Bu xəbər 897 dəfə oxundu

Dolların məzənnəsi 25 faiz qalxıb

Ukrayna Milli Bankı (ÜMB) devalvasiya ilə bağlı qərar verib və ABŞ dollarının məzənnəsini 25% artırıb.

Qurumun məlumatında müharibə əsas gətirilərək Amerika valyutasının məzənnəsinin 36,5886 qrivnaya çatdırıldığı qeyd olunub.

Bank bu addımı müharibə zamanı Ukrayna iqtisadiyyatının fundamental xüsusiyyətlərinin dəyişməsi və ABŞ dollarının digər valyutalara nisbətdə möhkəmlənməsini nəzərə alaraq atdığını açıqlayıb.

Məzənnənin artırılması hazırkı şəraitdə iqtisadiyyatın sabitliyini qoruyacaq.

Bu ilin aprelində Ukrayna Milli Bankının sədr müavini Sergey Nikolayçuk ölkədə dolların məzənnəsinin müharibənin sonuna qədər 29,50 qrivna səviyyəsində dondurulduğunu demişdi. Bildirmişdi ki, müharibə bitəndən sonra tədricən üzən məzənnəyə qayıdış olacaq.

Nikolayçek demişdi ki, Milli Bank bunu iqtisadi sistemdə qəfil dəyişikliklərin və sarsıntıların qarşısını almaq üçün edir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başladığı ilk gün Ukraynada 1 dollar 29,25 qrivna olub.

Gündəlik 100 min qrivna məbləğində vəsaitin nağdlaşdırılmasına icazə verilib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.