Ukraynada girov götürülən tələbənin atası: “Güman edirəm ki, çeçenlərin əlindədir”

Ukraynada girov götürülən tələbənin atası: “Güman edirəm ki, çeçenlərin əlindədir”

19-03-2022 23:42 / Bu xəbər 883 dəfə oxundu

"Hökumət orqanları mənimlə maraqlanmır”

Ukraynada rus əsgərlərinin girovluğunda olan Hüseyn Abdullayevin atası Amin Abdullayeva oğlunun video çıxışını göndəriblər.

Bu barədə Meydan TV-yə Amin Abdullayev danışıb.

O, oğlunun çeçen döyüşçülər tərəfindən girov götürdüyünü güman edir:

"Danışıqlarından hiss etdim ki, oğlum çeçenlərin əlindədir. Oğlum 14-15 gün zirzəmilərdə qalıb. Martın 17-də özüylə danışdım. Dedi ki, şəhərdən çıxdıq. Dünən girov götürüldüyünü eşitdim. Guya əlində avtomat olub. Yalandır. Tələbə hara, avtomat hara?! Məncə, Hüseynin girov götürülməsində təxribat olub. Nəsə bu məsələdən şübhələnirəm”.

Amin Abdullayev deyir ki, onunla yalnız jurnalistlər maraqlanıb: "Hökumətin müvafiq orqanlarından heç kim mənə zəng etməyib, maraqlanmırlar. Amma Hüseyn girov götürülməmişdən əvvəl Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etmişdim. İcra başçısı Mirhəsən Seyidov məni qəbul etdi, maraqlandı, vəssalam, daha heç kim maraqlanmayıb”.

2002-ci il doğumlu Hüseyn Abdullayev Mariupol Dövlət Universitetinin Ekologiya fakütəsinin 3-cü kursunda təhsil alır.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.