Ukraynanı NATO-ya niyə qəbul etmirlər?

Ukraynanı NATO-ya niyə qəbul etmirlər?

08-07-2021 14:59 / Bu xəbər 4718 dəfə oxundu

"NATO Ukraynanı, o cümlədən, Gürcüstanı üzvlüyə götürsə, bu ölkələrin Rusiya ilə problemlərini də öz üzərinə götürmüş olacaq. Görünür, NATO buna hazır deyil”.

Politoloq Azər Qasımlı "Toplum TV”-yə danışarkən belə deyib.

NATO Ukrayna prezidenti Vladimir Zelenskinin alyansa qoşulma tələbini cavablandırıb.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, NATO-ya üzv olmaq üçün siyasi qərar verilməlidir: "İslahatlar vacibdir. Təkcə Ukrayna alyansa qoşulmağa deyil, hərbi blok da genişlənməyə hazır olmalıdır. İslahatlar isə Ukraynanın alyansa qoşulmasına zəmanət vermir”.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin təhlükədə olduğu üçün dərhal NATO-ya qəbul edilməli olduğunu söyləyib ("Report.az”).

Bəs Ukraynanı NATO-ya niyə qəbul etmirlər?
 

Azər Qasımlı deyir ki, bunun iki əsas səbəbi var: "Birincisi odur ki, Ukrayna buna tam hazır deyil. Ən azı rəsmi şəkildə bu səbəb açıqlanır. Yeri gəlmişkən, Bayden NATO-nun son zirvəsindəki çıxışında bir daha qeyd etdi ki, Ukraynada hələ də korrupsiya ilə bağlı problemlər var və onlar həll olunmadan bu ölkənin NATO-ya üzvlüyü mümkün deyil. İkincisi isə Rusiya faktorudur. Elə həmin ərəfədə Putin bəyanat verdi ki, Ukraynanın NATO-ya üzvlüyə qəbul olunması məsələsi Rusiya üçün qırmızı xətdir. Bu baxımdan düşünürəm ki, Qərb hələ Rusiya ilə razılığa gəlməyə hazır deyil və riskli bir addım atmaq istəmir. Çünki Ukraynanı, o cümlədən Gürcüstanı NATO-ya üzvlüyə götürsə, bu ölkələrin Rusiya ilə problemlərini də öz üzərinə götürmüş olacaq. Bu isə NATO-nun daxilində müəyyən qərarların verilməsində çətinliklər yarada bilər. Görünən odur ki, NATO özü də buna hazır deyil”.

Siyasi şərhçi Zaur Əkbər isə bu addımı NATO-nun səhvi olaraq görür: "Tək Ukrayna deyil, həm də Gürcüstanla bağlı NATO-nun 2008-ci ildə verdiyi yanlış qərara görə bu ölkələr alyansa qoşula bilmədi. Bütün ölkələr lehinə səs versə də, Almaniya və Fransanın veto qoyması ilə bu iki dövləti NATO-ya qəbul etmədilər. Daha sonra 2008-ci ilin avqustunda Gürcüstanda müharibə başladı, 2014-cü ildə isə Krım Rusiyaya ilhaq olundu. Əgər Almaniya və Fransa yanlış qərar verməsəydi və bu ölkələr 2008-ci ildə NATO-ya üzv olsaydılar, nə Krımın ilhaqı, nə də avqust müharibəsi baş verərdi. Səbəbi isə odur ki, Avropa İttifaqının əsas iki ölkəsi olan Almaniya və Fransanın Rusiya ilə çox ciddi iqtisadi əlaqələri var. Onların etdiyi səhv bir daha göstərdi ki, Rusiya ilə heç bir kompramisə getmək olmaz”.

"Hazırda Ukraynanın üzvlüyü ilə bağlı NATO-nun adekvat qərar verməməsi Ukrayna cəmiyyətində məyusluq yarada bilər. Burada sanki NATO-nun onları Rusiya ilə təkbaşına qoyduğu mənzərəsi yaranır. Düşünürəm ki, NATO bu səhvini düzəltməli, öz alyansının genişlədilməsi istiqamətində addımlar atmalı, xüsusilə Ukrayna və Gürcüstan kimi Rusiyanın aqressiyasına məruz qalan ölkələri öz himayəsinə götürməlidir. Bu məsələ uzandığı halda Rusiya regionda öz məkrli siyasətini davam etdirəcək və yaxın illərdə daha faciəvi hadisələrin baş vermə ehtimalı artacaq”, - deyə ekspert əlavə edib.