Ukraynanın Krım körpülərinə zərbələr endirdiyi xəbər verilir
22-06-2023 17:07 / Bu xəbər 719 dəfə oxundu
Ukraynanın Krım körpülərinə zərbələr endirdiyi xəbər verilir
Ukrayna ordusu Krım yarımadasını Xerson vilayəti ilə birləşdirən körpülərə raket zərbələri endirib.
Bu barədə məlumatı Xerson vilayəti işğal administrasiyasının başçısı Vladimir Saldo teleqram kanalında verib.
Saldo yazır ki, körpülərin yol örtüyünə ziyan dəyib, lakin xəsarət alan olmayıb: "Xerson vilayəti ilə Krım arasında nəqliyyat əlaqəsi kəsilməyib. Avtomobil nəqliyyatının hərəkəti ehtiyat marşrutlarla təşkil edilib".
Saldo iddia edir ki, zərbələr Britaniya istehsalı Storm Shadow raketləri ilə endirilib.
TASS üzərində fransız yazıları olan qəlpələrin aşkar olunduğunu bildirib.
"Biz Rusiya iləyik” hərəkatının sədri və Zaporojye vilayətinin hərbi-mülki işğal administrasiyasının üzvü Vladimir Roqov dəqiqləşdirib ki, birinci raket zərbəsi Çonqar körpüsünü vurub.
İkinci zərbə Sivaş çayı üzərindəki körpünü tutub.
İlhaq edilmiş Krımın "başçısı” Sergey Aksyonov xəbər verir ki, zərbə gecə vaxtı endirilib: "Hazırda partlayış texniklərimiz sursatın tipini müəyyənləşdirmək üçün ekspertiza keçirirlər. Profil xidmətləri yol zolağının müayinəsinə başlayıblar”.
Ukraynanın UNIAN agentliyi Krım sosial şəbəkə istifadəçilərinə istinadla yazır ki, Çonqar körpüsü ilə maşınların hərəkəti dayanıb.
Avtomobillər körpüyə çatmamış geri dönürlər.
BBC-nin Rus xidməti bildirir ki, Çonqar körpüsü Krımdan Melitopola və cənub cəbhəsinin başqa yerlərinə ən qısa marşrutdur.
Burada hazırda Ukrayna ordusu hücuma keçməyə cəhd göstərir.
Şoyquya cavab?
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələri Krım da daxil Rusiya ərazilərinə HIMARS və Storm Shadow raketləri ilə zərbələr endirməyi planlaşdırır:
"Belə raketlərdən xüsusi hərbi əməliyyat (Moskva müharibəni belə adlandırır-red) zonasından kənarda istifadə edilməsi ABŞ və Britaniyanın münaqişəyə birbaşa cəlb olunması kimi qiymətləndiriləcək və yubadılmadan Ukrayna ərazisində qərarların qəbul edilməsi mərkəzlərinə zərbələr endirilməsinə yol açacaq”.
Şoyqu və başqa Rusiya rəsmiləri "xüsusi hərbi əməliyyat zonasının” nə demək olduğunu izah etmirlər.
Ukraynanın "YouTube" kanalları iyunun 22-də endirilmiş raket zərbələrinin Şoyqunun bəyanatına "cavab” olduğunu deyirlər.