USAID Azərbaycanın səylərini dəstəkləyir

USAID Azərbaycanın səylərini dəstəkləyir

10-09-2021 16:20 / Bu xəbər 1211 dəfə oxundu

Sentyabrın 9-da Onlayn İctimai Nəzarət Platforması və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www.enezaret.az) rüblük ilkin nəticələrinə dair dəyirmi masa keçirib. 

Bu barədə "arqument.az"a platformadan məlumat veriblər. 

Bildirilir ki, bu dəyirmi masada, e-nəzarət komandası və USAID, vətəndaşların problemlərinin müəyyən edilməsi və həll edilməsi üçün aidiyyəti yerli hökumət orqanlarına çatdırılmasında Platformanın ilkin uğurunu qeyd edib.

Bu Platforma, ictimai narahatlıq doğuran məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı video və fotoşəkillər daxil olmaqla vətəndaşlardan məlumat almağa və dövlət qurumlarının bu narahatlıqları həll etməsinə imkan verməyə yönəlmiş USAID tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsinin vacib funksiyasıdır. 

Boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemlərlə bağlı hallarda vətəndaşlar e-nəzarət komandasını WhatsApp (055 4502013) və ya internet saytı (www.enezaret.az) vasitəsilə məlumatlandırır və platformanın vəkilləri işi həll etmək üçün müvafiq tədbirlər görürlər.

Dəyirmi masa zamanı ECSOFT layihəsinin icraçı tərəfdaş şirkətinin rəhbəri Məhəmməd Quluzadə fəaliyyət, Onlayn İctimai Nəzarət Platforması və bu günə qədər əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. 

USAID-in Azərbaycandakı Missiya Direktoru Jaidev Singh, USAID-in vətəndaşların narahatlıqlarının hökumətin həll etməsi üçün Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb. 

Rübün nəticələrinə görə, 13 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub.

Bu qurumlara "Azərsu”, Bakı şəhər İH, Bakı Nəqliyyat Agentliyi, "Azərişıq”, Xətai İH, Dövlət Yol Polisi İdarəsi, Yasamal İH, Nizami İH, Sabunçu İH, Xəzər İH, Azərbaycan Avtomobil Yolları Agentliyi, Gəncə İH və Mingəçevir İH daxildir.

Onlayn İctimai Nəzarət Platforması USAID-in maliyyələşdirdiyi ECSOFT fəaliyyəti çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən pilot layihədir.