Uşaq dolusu salam 28 Maya!
28-05-2018 16:51 / Bu xəbər 7448 dəfə oxundu
Arqument.Az şair Elnur Aslanbəylinin Cümhuriyyətin 100 yaşına həsr etdiyi şeiri təqdim edir:
Yüz yaşın qutlu olsun,
ey şanlı Respublika!
Qucaq dolusu salam
iyirmi səkkiz Maya!
Məhəmməd Əmin demiş,
"enməz bir yol yüksələn...”
Bayraq dolusu salam
İyirmi səkkiz Maya!
Hər addımda talan var,
hər addımda yüz yalan,
Öz odunda qovrulsun
bizi bu oda salan;
Bakı dolusu salam,
Şəki dolusu salam!
Qazax dolusu salam
İyirmi səkkiz Maya!
Neçə arzu cürüdü
irticanın pasında;
Ruhu dərbədər hələ
Cavadın, Almasın da...
Hələ Cavid üşüyür
Sibirin şaxtasında
Sazaq dolusu salam
iyirmi səkkiz Maya!
Cümhuriyyət deyincə
ürək yandı, yaxıldı
Yıxıldı, ancaq nə qəm! -
Ucalığa yıxıldı...
Günəşli, gözəl günlər
yarından da yaxındı
Uzaq dolusu salam
iyirmi səkkiz Maya!
Yenə də gurlayacaq
həqiqətin hürr səsi
Yalandı hər kim deyir
bir də zil olmaz pəsi...
Bir əlində dondurma,
birində gül dəstəsi
Uşaq dolusu salam
iyirmi səkkiz Maya!
Nə qədər ki, bitməyib
bu səltənət, bu şahlıq
Bizə şənlik haramdı...
haramdı bizə şadlıq;
Gəl öpüm yanağından
ey sevgili Azadlıq
Dodaq dolusu salam
iyirmi səkkiz Maya!
28 May, 2018