Uşaqlar Günü: Dünyada hər gün 200 uşaq öldürülür

Uşaqlar Günü: Dünyada hər gün 200 uşaq öldürülür

01-06-2021 17:03 / Bu xəbər 1103 dəfə oxundu

BMT-nin Baş Assambleyası 1950-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması barədə qərar qəbul edib. 

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün qeyd olunur.
 
Ümumiyyətlə, hazırda dünya uşaqların yaşaması üçün necə yerdir?

"Save the Children" uşaq hüquqları təşkilatının 2017-ci ildə 172 ölkədə apardığı araşdırmanın nəticələrinə görə, hər il dünyada təxminən 16 min uşaq beş yaşına çatmadan ölür, hər gün isə 200 uşaq öldürülür. 

Hər il təxminən 15 milyon qız 18 yaşına çatmadan evləndirilir ki, onların da 4 milyonunun yaşı 15-dən aşağı olur. 

Araşdırmaya görə, dünyada təxminən 28 milyon uşaq doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Uşaqların 11 milyonu başqa ölkələrdə sığınacaq axtararaq qaçqın kimi yaşayır, 17 milyonu öz ölkələrində məcburi köçkün həyatı yaşayırlar. 

5 yaşına qədər 156 milyon uşaq qidalanma səbəbindən böyüməmək problemindən əziyyət çəkir. 168 miyon uşaq işləmək məcburiyyətidədir ki, onların da yarısı təhlükəli iş şəraitində çalışır. 263 milyon uşaq isə məktəbə getmir. 

"Save the Children” təşkilatı dünyanın müxtəlif münaqişə bölgələrində təxminən 72 milyon uşağın istismara məruz qalma riski altında olduğunu bildirib. 

Təşkilatın 2021-ci il Münhen Təhlükəsizlik Konfransı üçün hazırladığı rəqəmsal hesabatda ümumilikdə 426 milyon uşağın münaqişə bölgələrində yaşadığı və bu qrupdakı hər altı uşaqdan birinin silahlı şəxslər tərəfindən istismara məruz qalma riskinin olduğu vurğulanıb. 

Bu riskin son 30 ildə təxminən on qat artdığını bildirən hesabatda xüsusilə İraq, Yəmən, Kolumbiya, Somali, Cənubi Sudan və Suriyadakı uşaqların böyük risk altında olduğu qeyd edilib.

"Müharibə Silahı: Münaqişədə Uşaqlara Qarşı Cinsi Zorakılıq" başlıqlı hesabatda 1990 və 2019-cu illər arasında baş verən hadisələr araşdırılıb. "Save the Children”-nin araşdırmasına görə, əgər cinsi istismar riski altında olan uşaqların sayı 1990-cı ildə 8,5 milyon idisə, 2019-cu ildə bu rəqəm 426 milyon ətrafında olub.

Təşkilatın "cinsi zorakılıq" ifadəsi təcavüz, cinsi köləlik, məcburi fahişəlik, məcburi hamiləlik, məcburi sterilizasiya və ya sünnət kimi cinsiyyət orqanlarına xəsarət yetirmə davranışlarını əhatə edir.

"Rəsmi statistika aysberqin yalnız görünən hissəsidir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatları göstərir ki, zorakılığa məruz qalan uşaqların sayı "Save the Children” təşkilatının irəli sürdüyü rəqəmlərdən daha azdır. BMT-yə görə, 2006-cı ildən bəri dünyada 20 mindən çox uşaq müxtəlif qarşıdurmalarda cinsi istismara məruz qalıb.

"Save the Children” təşkilatının rəhbəri Susanna Krüger isə rəsmi məlumatların aysberqin yalnız görünən hissəsi olduğunu deyib. Uşaqlara qarşı cinsi istismar hallarının sülh zamanlarında belə yetərincə qeydə alınmadığını dilə gətirən Krüger bunun münaqişə vaxtlarında daha az edildiyini vurğulayıb.

Krüger zorlama və digər cinsi istismar növlərinin müharibələrdə getdikcə daha çox silah kimi istifadə edildiyini ifadə edərək statistikaya daxil olmayan çox sayda qurbanın olduğunu söyləyib.

Uşaq böyütmək üçün ən yaxşı ölkələr

Statistikalar göstərir ki, uşaq böyütmək üçün ən münasib ölkələr əsasən vətəndaşların yüksək vergi ödədikləri ölkələrdir. Bildirilir ki, vətəndaşlar səhiyyə, təhsil və digər ehtiyaclarının təmin edilməsi müqabilində yüksək vergi dərəcələri ödəməyə hazırdırlar. 

Xoşbəxtlik Araşdırmaları İnstitutunun baş icraçı direktoru Meik Viking bu ölkələrdə insanların vergi ödəməyi həyat keyfiyyətinə yatırılan sərmayə kimi gördüklərini deyir.

2021-ci ildə uşaq böyütmək üçün ən yaxşı ölkələrin reytinqi anket sorğularının nəticələrinə əsaslanıb. Ölkələr 8 göstəriciyə görə sıralanıb: insan hüquqlarına hörmət, ailəcanlılıq, gender bərabərliyi mühiti, xoşbəxt olmaq, gəlir bərabərliyi, təhlükəsizlik, təhsil və səhiyyə sistemi. 

Sosial Media

Dünyanın uşaq böyütmək üçün ən yaxşı ölkələrinin siyahısında ilk onluqda bu ölkələr yer alıb:

1. Danimarka
2. İsveç
3. Norveç
4. Niderland
5. Kanada
6. Finlandiya
7. İsveçrə
8. Yeni Zellandiya
9. Avstraliya
10. Avstriya

Azərbaycan siyahıda 68-ci pillədə qərarlaşıb.