Uşaqlar niyə böyük şəhərlərə üz tuturlar? - ŞƏRH

Uşaqlar niyə böyük şəhərlərə üz tuturlar? - ŞƏRH

21-11-2017 10:55 / Bu xəbər 1374 dəfə oxundu

Ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər. Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı – ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər”. 

APA-nın məlumatına görə bu sözləri daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini bu kimi hallara qarşı rəsmi qurumlarla birlikdə profilaktik tədbirlər görüldüyünü bildirib. 

Şəhərin mərkəzində yetkinlik yaşına çatmamış şəxslərin əməyə cəlb olunması və ya əməyinin istismar olunması hallarına tez-tez rast gəlmək olur. Əsasən metro çıxışlarında, ticarət mərkəzlərinin qarşısında salfet, qələm satan uşaqları görmək mümkündür. 

Bu uşaqlar müxtəlif media orqanlarına polis tərəfindən təzyiqə məruz qaldıqlarını, zorla sığınacaqlara aparıldıqlarını desələr də, sonradan hansısa yolla yenidən küçələrə dönürlər. Əksəriyyəti də bunu ailəsinin maddi vəziyyətinin çətinliyi ilə izah edir.   

Maraqlıdır, sosioloq və psixoloqlar qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatmamış şəxslərin əməyə cəlb olunmasının fəsadları barədə nələr deyir?

"Bu məsələdə ictimai qınaq hökmən olmalıdır”

Sosioloq Nail Cəlil əmək yaşına çatmamış uşaqların əməyə cəlb olunmasının müxtəlif səbəblərini nəzərə çatdırıb. 

O, Toplum.Tv-yə deyib ki, bu məsələnin hüquqi və mənəvi-etik tərəfləri diqqət çəkir: "Hər iki tərəf burada müstəqil şəkildə uzlaşdırılmalıdır. Uşaqların müəyyən yaşdan sonra əməyə cəlb olunması mahiyyət etibarilə müsbət haldır. Lakin bu, sui-istifadə halına çevrilməməlidir. Xüsusən də, uşaqların təhsilinə, gələcəyinə kölgə salan hal kimi çıxış etməməlidir. İstər valideynlər, istərsə də onları başqa vasitələrlə əməyə cəlb edən şəxslər qanun qarşısında müəyyən məsuliyyət daşıyırlar. Digər tərəfdən, bu məsələdə ictimai qınaq hökmən olmalıdır. Bu, ciddi bir sosial problemdir. Əslində, burada hansı yaş qrupundan uşaqların əməyə cəlb olunması məsələsi də xüsusi rol oynayır. Burada bölgü elə aparılmalıdır ki, xüsusən dərs saatlarında həmin uşaqların əməyə, ağır işə cəlb edilməsinin qarşısı ciddi şəkildə alınsın”.

"Problem göründüyündən daha dərindir”

Sosioloqun sözlərinə görə burada işsizlik faktoru, son zamanlar insanların həyatındakı iqtisadi problemlər əsas rol oynayır: "Nazir müavini bu məsələni sırf hüquq müstəvisindən izah edir. Biz isə bu problemin sosial, mənəvi tərəfinə daha çox diqqət yetirməyə çalışırıq. Ola bilər ki, bu uşaqların əməyə cəlb olunmasının əsasında onların ailələrində maddi cəhətdən ehtiyac dayana bilər. Bu cəhəti hökmən nəzərə almaq lazımdır. Çünki bütün cəmiyyətlərdə münasibətlər tələb-təklif prinsipləri ilə qurulur. İlkin tələbatlar ödənilməlidir ki, cəmiyyətin sosial cəhətdən durumunu yüksəlməsi haqqında danışa bilək. Görünür ki, cəmiyyətdə bununla bağlı fəaliyyət bizim arzuladığımız, gözlədiyimiz səviyyədə deyil. Bunun da obyektiv və subyektiv səbəbləri bizə bəllidir. Əgər problem varsa, cəmiyyət səviyyəsində fəallıq göstərilməlidir”.

Nail Cəlil problemin həlli istiqamətində ictimai qurumlar və təşkilatların fəal olmalarının vacibliyi vurğulayıb: "Dövlət özü də sosial siyasət xətti istiqamətində uşaqların sosial hüquq və azadlıqılarının müdafiəsi istiqamətində ciddi addımlar atılmalıdır. Sırf sanksiyalar, hüquqi məhdudiyyətlərlə, valideynləri yaxud da, uşaqların əməklərini istismar edənləri cəzalandırmaqla arzuolunan müsbət nəticəyə nail olmaq mümkün deyil. Bu mənada sosial tədbirlər, maarifləndirmə də bununla paralel aparılmalıdır. Əslində, problemin mahiyyəti, səbəbi araşdırılıb, ortaya çıxarılmalıdır. Əgər uşaqlar valideynlər tərəfindən məcburi deyil, ailədəki maddi çətinlikləri ucbatından işləyirlər və təhsildən yayınırlarsa, bunlar cəmiyyət üçün əlavə sosial problem mənbəyidir. Bu istiqamətdə həm hüquqi, həm sosial, həm də mənəvi tədbirlər birgə və əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir”.

"Məktəbdə mütəxəssislər yeniyetmələrlə işləməlidir” 

Psixoloq Nurlana İsmayılova isə problemin həllində məktəbdə mütəxəssisin yeniyetmələrlə işləməsinin vacib olduğunu düşünür: "Bilirik ki, yeniyetməlik yaş dövrünə çatandan sonra artıq hər bir insanın əmək bacarıqları formalaşır və insan əməyə cəlb olunur. Uşağın məktəb dövründə aparıcı fəaliyyət növləri müxtəlif olur. Məsələn, məktəbəqədər yaş dövründə daha çox oyuna meyilliyik, məktəb yaş dövründə oxumağa, öyrənməyə həvəs nəzərə çarpır. Artıq yeniyetməlik yaş dövründə əmək aparıcı fəaliyyətə çevrilir. İnsan bu yolla özünü daha da təsdiqləyir və bu, normal haldır. Əgər şəxs yeniyetməlik yaşlarından əmək fəaliyyətinə başlayarsa, onun gün ərzində iki saat işləmək imkanı qanunvericilikdə nəzərdə tutulub. Amma onların əməyinin istismarı, düzgün istiqamətdə olmaması halları onların bu məsələdə bilgisiz olmaqlarından irəli gəlir”.

"Ailədaxili maddi çətinlik ucbatından işləmək məcburiyyətində qalırlar”

Psixoloq maariflənməni aparmalı olan tərəfin rəsmi strukturlar olduğunu diqqətə çatdırıb: "Uşaqlar nə qədər çox maariflənsələr, bir o qədər əmək istismarı hallarının qarşısı alınar. Məktəblərdə bu barədə böyük maarifləndirmə kampaniyaları aparıla bilər. Xarici məktəblərdə xüsusi mütəxəssislər var ki, onlar 5-ci sinifdən yuxarı uşaqları hansı peşə sahəsinə keçid etmək barədə maarifləndirirlər. Onların daxili potensialının hansı peşəni seçməyə imkan verməsi barədə təlim işlərini bu mütəxəssislər həyata keçirir. Uşaqlarda isə artıq gələcək peşələri barədə ilkin təsəvvürlər yaranır. Bununla paralel yuxarıda bəhs etdiyim mütəxəssislər onların günün hansı saatlarında işləyə biləcəklərini izah edir. Bizdə də bu cür mütəxəssislər olsa, uşaqların qanunda nəzərdə tutulmuş şərtlərdən kənar əməyə cəlb olunmasının qarşısı alınar. Problemin həlli yolunda ilkin mərhələ üçün xüsusi mütəxəssislər yox, elə müəllimlər və uşaqlarla iş aparan şəxslər bu cür maarifləndirmə işləri aparsalar, kifayət qədər müsbət nəticə almaq olar. Həqiqətən də, xoşagəlməz haldır ki, uşaqlar ailədaxili maddi çətinlik ucbatından işləmək məcburiyyətində qalırlar. Onların pul qazanmaq haqları var. Amma gün ərzində iki saatdan artıq olmamaq şərti ilə. Problemin həlli məhz dövlət strukturlarının üzərinə düşür. Belə ki, hər bir məktəbin özünün karyera üzrə məsləhətçisi olmalıdır. Hansı ki, o məsləhətçi mütəmadi olaraq uşaqlarla işləsin. Yaxud da təlim mərkəzləri yaratmaqla uşaqlarla bu sahədə işlər aparıla bilər. Bu məlumatlar şəxslərin yeniyetməlik yaş dövründə onlara verilməli olan vacib məlumatlardır. Bu gün dövlət məktəblərindəki psixoloqlar demək olar ki, işləmirlər. Bunun əsasında dayanan səbəb isə onların əmək haqlarının az olmasıdır. Onların əməklərinə qarşılıq yetərli olmadığı üçün işləri də ürəkaçan olmur”.

Qanun deyir ki...

Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində on beş yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsinin etibarsız sayılması və belə müqaviləni bağlayan işəgötürənlərin bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi öz əksini tapıb. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.