Uğur nərdivanı...

Uğur nərdivanı...

29-07-2022 20:20 / Bu xəbər 1343 dəfə oxundu

(Əziz dost)

Məktəbin zəngi sanki heç susmayacaqmış kimi, güclü çalındı...Gecikmək həyəcanından birtəhər olmuş Firuzə maşurutdan tələskən bir şəkildə düşdü. 

Əlindəki iş portfoliosunu, vatman kağızları az qala yerə töküləcəkdi əlindən. Həyəcanla yanındakı yoldaşlardan soruşdu:
- Aaaaa...Saat neçədir ki? Zəng tez vurulmadımı?

Daha sonra qolundakı nənə yadigarı olan qızılı rəngli saatına baxdı.Saat hələ 08:15-i göstərirdi. Cəld içəri daxil oldular. Hamıya artıq məlum idi ki, nəsə bir məsələ var. Zəng əbəs yerə vaxtından öncə vurulmayıb. Haqlı idilər. Direktor müavini Fəridə xanım hər zamanki kimi, gülər üzlə, bir az da həyəcanla müəllimlərə tez gəlmələri üçün işarə edir.

Hər kəs müəllim otağında toplaşır. Məktəbin direktoru Akif məllim sözə başlayır, bildirir ki, məktəbimizə Təhsil Şöbəsindən nümayəndələr gələcəyi gözlənilir. Hər kəs tam diqqətli, məsuliyyətli olsun dərslərdə. Direktor müavini adəti üzrə müəllimlərin gündəliklərini yoxladıqdan sonra hər kəs jurnalı götürüb, dərsə gedir. Piləkənlə qalxan zaman müəllimlərin dialoqları bir-birini əvəz edir.

- Qızlar, mən çox həyəcanlandım. Mədəmdə qəribə sancılar başladı.

Nazlı mülayim səsi ilə söhbtə qoşulur:
- Ay qız,bəsdir, sən Allah, nəyə həyəcanlanırsan? Dünyanın sonu deyil ki? Gəlsinlər dəə.. Sən həmişəki kimi, dərsini keç sərbəst şəkildə. O zaman əla olacaq hər şey. 
Gülər qolu ilə Nazlını vurub, gözü ilə Firuzəni işarə edir:

- Firuzəyə baxın, sizə də rahatlıq gələcək, qızlar. Görün, heç həyəcanlanırmı, narahat olurmu? Elə bil, toxunulmazlıq hüququ filan qazanıb, necə də sakitdi. 
Firuzə qəfil adını eşidincə sanki yuxudan ayılmış kimi:

- Niyə ki, mən də həyəcanlanıram. Amma əsas sinfimdəki üç şagirdə görə fikir alıb məni. Neyləsəm də, valideyn nəzarəti çox zəifdir deyə, ürəyimcə nəticə əldə edənmirəm. Onlara görə bilirəm ki, narazılıqlar olacaq mütləq.

Nazlı yenə də dilini dinc qoymur:
- Firuzə, canım mənim, havayı göz sındırma, sən yenə həmişəki kimi bundan da əla çıxacan. Boş yerə narahatlıq keçirmə eee.. Sən Lerik kimi dağlar diyarında necə çətin şəraitdə baş çıxarmış, işləmiş qızsan, indi sənə yaraşırmı bu həyəcan?  

Həyəcanları bir az azalmış müəllimlər aralaşıb sinif otaqlarına gedirlər. 
Firuzənin müəllim kimi pedaqoji fəaliyyətinin 5-ci ili idi. Ailəli gənc müəllim idi. İki övladı vardı. İşini hədsiz dərəcədə çox sevirdi. Bu peşəni sevməsinin səbəbi isə dil ədəbiyyat müəllimi olmuşdu. 

Hər zaman onu heyranlıqla izləyər, hər hərəkətini, sözünü beyninə həkk edərdi. Hər zaman onun kimi savadlı, peşəsini, şagirdlərini çox sevən bir müəllim olmağı xəyal edərdi. Arzusuna çatmışdı. İlk pedaqoji fəaliyyətinə Lerikdə, ucqar dağ kəndi olan Hücü kəndində başlamışdı. Qısa zamanda, həm kənd sakinləri, həm də məktəb rəhbərliyi və müəllim kollektivi tərəfinfən çox sevilmiş, hamının hörmətini qazanmışdı. İşinin 2-ci ilində hətta məktəb direktorluğu təklifi belə almışdı. Amma çox gənc olduğu üçün imtina etmişdi təklifə.  

Yenə də hərarətlə dərs keçməkdə davam edən Firuzə dərsə o qədər qapılmışdı ki, otağın qapısının nə zaman açıldığını belə duymamışdı. Məktəb direktoru Akif müəllimin gur səslə "buyurun, buyurun, Həbib müəllim, buyurun, keçin” kəlimələri ilə anidən sükut çökdü araya. 

Məktəbə təftişə gələnlər Təhsil Şöbəsinin (indiki təhsil idarəsinin) müdiri Həbib Qocayev, inspektor Eldost Qaraca, müavin Mehman Bəşirli sinfə daxil olub uşaqlarla salamlaşdıqdan sonra mövzunun hansı olduğun soruşdular. Həbib Qocayev şagirdlərin hər hansı problem və çətinliklərinin olub, olmamağını maraqlandıqdan sonra şagirdlərə mövzunu üzündən oxutdurdu. İkinci sinif şagirdləri olsalar da, oxusu gözəl olanlardan razılıqlarını bildirdilər. Həbib müəllim Firuzənin yoldaşlarına pilləkəndəki söhbəti zamanı nigaran olduğunu dediyi üç şagirdin niyə oxumaqda çətinlik çəkdiyini, aradan qaldırmaq üçün müəllimin nə kimi işlər gördüyünü soruşdu. 

Firuzə onlarla dərsdən sonra əlavə məşğul olduğunu bildirdi. Səbəb isə valideyn nəzarətinin yetərincə olmadığını dedi. Bu zaman Həbib müəllim bir az sərt üz ifadəsi ilə Firuzəyə dedi:

-Olar ki, valideyn övladı ilə heç maraqlanmaz, məsuliyyətini yerinə yetirməz. O, onun yanlışıdır. Bəlkə də, elə mühitin insanıdır ki, ona heç dərsin, təhsilin ciddiyyəti tam mənada aydın deyil. Biz kimik?- Müəllim. Vəzifəmiz nədir? -Hansı yolla, vasitəylə olur olsun, şagirdi oxutmaq. Bunu bilərək bu yola çıxmısız əminəm ki, Firuzə müəllimə. 

O zaman tam yerinə yetirin işinizi. Əgər "bacarmaram” deyərsizsə də, çıxın işdən, bacaranlar işləsin. Bu son kəliməni duyunca sanki Firuzənin içində bir şeylər qırıldı. Bu qəribə səsin əks-sədasından qulaqları tutuldu bir anlıq. 

Firuzənin üz ifadəsini görüncə inspektor Eldost Qaraca abu-havanı bir az dəyişdirmək məqsədilə gözünü  iş vərəqlərindən ayırıb, eynəyini əli ilə bir az burnunun üstünə sürüşdürdü, daha sonra gözlərini qıyaraq əlavə etdi:

- Gözəl qızım, biz sənin ailəni, fəallığını, tərbiyəni, necə bir ailənin balası olduğunu, nələr bacara biləcəyini bilirik. Ona görə bir az daha çox işlə öz üzərində. Sən cavansan hələ. Çox böyük işlərə imza ata bilərsən istəsən. Çünki bu potensial var səndə.  

Nümayəndələr təşkkür edib, otaqdan çıxdıqdan sonra Firuzə özünü şagirdlərinin qarşısında toparlamağa çalışsa da, hələ də Həbib müəllimin sözləri qulağında təkrarlanırdı, heç cür unuda bilmirdi o üz ifadəsini, o sözləri. 

Sözlər sanki sillə kimi üzünə çırpılmışdı Firuzənin. Ona, bu sözlərin çox təsir etməsinin səbəbi isə bu idi ki, uşaqlığı Həbib müəllimin gözləri önündə keçmişdi. Qonşu idilər. Həbib müəllim Təhsil Şöbəsinin müdiri olmazdan öncə neçə tədrisin aparıcılığını Firuzəyə həvalə etmişdi. Yəni o, Firuzənin nələrə qadir olduğunu bildiyi halda, bu sözləri necə belə asanlıqla deyə bildi?

Qısa zamanda Firuzə həmin zəif şagirdləri üzərində yorulmadan apardığı işlərin gözəl nəticələrini əldə etdi. 

İldən ilə uğurları çoxaldı. İlin müəllimi adını aldı, müxtəlif yarış və müsabiqələrdə qalib oldu. Ən son yenilikləri dərslərinə tətbiq etdi. Hər zaman hansı iş üçün yola çıxsa, mütləq uğur qazandı. Bütün uğurlarında ən böyük dəstəkçisi ailəsi, müəllimləri oldu. 

Hər kəsin yeri başqa idi Firuzə üçün. Amma biri vardı gizli qəhraman kimi. Hər zaman onu həvəsləndirən, onu bacaracağına inandıran. O unudulmaz hadisədən sonra dostlaşmışdılar. Ona "əziz dost” deyə müraciət edərdi hər zaman. 

Yaş fərqi yetərincə olsa da, dost kimi əsl dost idilər. Hər zaman onun qeyri-adi təxəyyülə, sehrli bir gücə malik olduğunu deyən, açıq sözlülüyünü, səmimiyyət və cəsarətini təqdir edən bu qəhrəman onun bütün fəaliyyətini izləyir, uğurlarına ürəkdən sevinirdi. Mütləq bir gün layiqli  qiymətini alacağına inandırırdı Firuzəni. 

Firuzə onun məsləhətlərini dinləyib addım- addım uğura doğru addımlayırdı... Hər söhbətlərində qəhrəmanın ona bir xatırlatması mütləq olurdu. Deyirdi ki, sən indi əsl bizim görmək istədiyimiz Firuzəsən. Zamanında yaxşı ki, tənqidlərimi etmişəm. İndi sən o tənqidlərin tam sənə yaraşan nəticəsini sərgiləyirsən, əziz dost! 

Firuzə də hər dəfə gülümsəyər, o günün, o tənqid dolu həyat fraqmentinin onun həyatında sözün əsl mənasında uğur nərdivanına büdrəmədən qalxmaq üçün təkan olduğunu deyərdi. 

Qəfil çalınan telefon zəngi Firuzəni fikrini kompüterin monitorundan ayırmağa məcbur qoydu. Tanımadğı bir nömrədən gəlirdi zəng. 

Firuzə:
- Alo. Bəli, buyurun, Firuzə özüdür. Doğrudanmı? Çox sevindim. Çox sağ olun. Allah sizi sevindirsin. Həqiqətən, bu günümü möhtəşəm etdi bu xəbər. Yaxşı, narahat olmayın, dediyiniz tarixdə verdiyiniz ünvanda olacam, saat 10-da. 

Danışığı sonlandırınca sevincdən dolan gözlərini əllərinin arxasınca silən Firuzə ilk anasına, daha sonra müəlliminə zəng edib aldığı şad xəbəri onlarla paylaşdı. Pəncərədən çölə baxdı, bir anlıq sükuta dalıb. Ardınca dərin bir nəfəs aldı, "Allahım, sənə sonsuz şükürlər olsun” deyib təkrar monitor arxasında əyləşdi.
 
Barmaqları klavyaturanın üzərində sürətlə dolandıqca ekranda bu mətn çıxdı:
- Salam. Necəsiz, əziz dost? Yenə mən gəldim. Çox sevincliyəm. Bir arzum daha gerçək oldu. Bayaq, çoxdandır gözlədiyim bir telefon zəngi aldım. Kimsəsiz, ehtiyac sahibi uşaqlar üçün açmaq istədiyim kursun layihəsi qəbul edilib və lisenziya hüququnu alıram. Ayın 31-i saat 10-da Bakıya dəvət edildim. Sevincim dünyaya sığmır. Siz yenə də haqlı çıxdınız. 

Bacardım. Yaxşı ki, yolum sizdən düşdü, əziz dost. Adınız kimi, sözün əsl mənasında siz mənim uğur nərdivanlarına qalxa bilməyim üçün ən böyük dəstəkçimsiniz, Eldost Qaraca. Daha neçə uğurlara birgə imza atmağımız ümidi ilə kiçik dostunuzdan. Hələlik.

İndi Firuzənin gözlərində inam günəşi heç sönməyəcəkmiş kimi parlayırdı... Axı hələ fəth ediləcək neçə zirvələr vardı...
 
Günel İbrahimova