Vahid Əhmədov: "Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir"

Vahid Əhmədov:

15-09-2021 14:15 / Bu xəbər 1259 dəfə oxundu

Ərşad Hüseynov: "Benzinin bahalaşması avtomobilləşmə prosesinə mənfi təsir göstərəcək"

Azərbaycanda "Aİ-95 premium" və "Aİ-98 super" markalı benzinin qiyməti bahalaşıb.

Məlumatı Meydan TV-yə "Azpetrol" yanacaqdoldurma məntəqəsində çalışanlar da təsdiqləyib.

Beləliklə, sentyabrın 15-dən "Aİ-95" (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.60 manata, "Aİ-98" (Super) markalı yanacağın qiyməti isə 1.60 manatdan 1.90 manata qalxıb.

Yerli istehsal olan "Aİ-92" markalı benzinin qiymətində artım olmayıb.

Rəsmilər daim açıqlamalarında bildirirlər ki, "Aİ-95" və "Aİ-98" markalı benzinlər Azərbaycana idxal edilir, onların qiymətlərini Tarif Şurası tənzimləmir. Artımı isə idxal olunan ölkələrdəki qiymətlərin qalxıb-enməsi ilə əlaqələndirirlər.

Müstəqil ekspertlər isə bununla razılaşmırlar. Onlar düşünürlər ki, Azərbaycanda idxal olunan benzinin bahalaşması sırf inhisarçılıqla bağlıdır.

Azərbaycana idxal olunan "Aİ-95” markalı benzinin qiyməti ən son bu il iyunun 2-də bahalaşmışdı. Qiymət 1.25 manatdan 1.40-a yüksəlmişdi.

Həmin vaxt Meydan TV-yə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirmişdi ki, Aİ-95 markalı benzinin qiymətinin artmasının dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəsi yoxdur: "Bəli, dünya bazarında neftin barreli 70 dollara çatır, ancaq bunun benzin qiymətinə təsiri minimum 2 aya ola bilərdi. Belə tezliklə mümkün deyil”.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, yüksək oktanlı (95 və 98) benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək.

Onun sözlərinə görə, fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyil edəcəklər, çünki belə avtomobillər yerli istehsal olaraq hələlik, ucuz olan 92 oktanlı benzini rahat işlədir: "Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq. Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.

Ərşad Hüseynov
Mənbə: Ərşad Hüseynovun şəxsi arxivindən

Ekspert əlavə edir ki, benzinin qiymətinin artması bütövlükdə avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək.

Bundan təkanvaerici amil kimi istifadə edilərək ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır: "İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər. Qeyd etdiklərimin hamısı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat (və ya mobillik) strategiyası (və ya konsepsiyası) əsasında həyata keçirilməlidir. Amma bizimkilərdə həmin strategiya varmı? Tərpənmək lazımdır. Görüləcək işlər çoxdur. Çox gecikmişik”.

Deputat Vahid Əhmədov isə deyib ki, SOCAR-ın benzinin bahalaşaması ilə bağlı verdiyi açıqlama anlaşılan deyil: "Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən "Aİ-92” və "Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!

"Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən "Aİ-92” markalı benzini də uculaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, "Aİ-92”-ni də bahalaşdırsınlar”, - deyə o bildirib.

Vahid Əhmədov
Mənbə: APA

Onun fikirncə, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır: "Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzaqa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.

"Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”, -deyə V.Əhmədov əlavə edib.

Azərbaycanda "A-98 SUPER” və "A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.

Bunu "Report"a Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

2021-ci il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi.

Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.