Vahid Əhmədov: "Ölkədə ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır"

Vahid Əhmədov:

16-03-2021 17:14 / Bu xəbər 2076 dəfə oxundu

Deputat məhkəmə-hüquq sahəsində də islahatlara ehtiyac olduğunu bildirib

"Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir”.

Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsiz zamanı deputat Vahid Əhmədov belə deyib.

O bildirib ki, ölkədə ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır: "Ötən il Trans-Adriatik boru kəmərinin (TAP) layihəsinin istismara başlaması mühüm hadisə olsa da, pandemiyanın hökm sürməsi səbəbilə Azərbaycanda ÜDM 4,3% azalıb. Ən çox azalmalar turizm sahəsində olub. İnflyasiyanın aşağı olması Azərbaycanda istehlak qiymətlərinin çox yuxarı olmamasına dəlalət edib. Bununla bərabər, bu sözləri 2021-ci ilin ilk 3 ayı üçün demək qeyri-mümkündür Görülən çox mühüm işlərə baxmayaq, bahalaşmanın qarşısı alınmır. Bu qiymət artımı obyektiv yox, subyektivdir. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər”.

"İxracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməlidir”

V.Əhmədov qeyd edib ki, nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var, bunun qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbul edilmir: "Biz uzun illərdir ki, bu məsələni qaldırırıq. Hökumətdən xahiş edirəm ki, Məcəllənin qəbulunu tezləşdirsinlər. Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq”, – deyə deputat bildirib.

Vahid Əhmədov hesab edir ki, ixracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var: "İdxalda ərzaq məhsullarının üstünlük təşkil edir. Azərbaycanda ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır. Bunu Prezident İlham Əliyev də hökumət qarşısında vəzifə kimi qoyub”.

"İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsait çox azdır”

V. Əhmədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən ayrılan vəsait çox azdır: "Oranın bərpası üçün 10 milyardlarla vəsait tələb olunacaq. Özəl təşkilatlardan, şirkətlərdən də istifadə etmək lazımdır. Məndə olan məlumata görə, İqtisadiyyat Nazirliyi bununla bağlı təkliflər hazırlayıb”.

Deputat işğaldan azad edilən ərazilərdə sənaye kompleksələrinin yaradılmasını da təklif edib.

Milli Məclis sədrinin müavini Əli Hüseynli isə bildirib ki, məhkəmələr hakimiyyətin müstəqil qoludur: "Hökumət Milli Məclisdə məhkəmələrin rolu ilə bağlı hesabat verə bilməz”.

"Məhkəmələrin müstəqilliyi təmin edilməlidir”

V.Əhmədov məhkəmə-hüquq sahəsində islahatların aparılmasının vacibliyini də vurğulayıb: "Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illər çox işlər görülür. Bir vaxt var idi ki, sahibkarlardan vergi sistemi ilə bağlı çox şikayətlər alırdıq. Ancaq bununla bağlı indi çox ciddi şikayətlər yoxdur. Ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində də tədbirlər görülüb. İndi bizi çox maraqlandıran məsələlərdən biri hüquq-mühafizə orqanlarında islahatların aparılmasıdır. Hesab edirəm ki, məhkəmə-hüquq sistemində islahatlara getmək və məhkəmələrin müstəqilliyi təmin edilməlidir”.

Vitse-spiker Əli Hüseynli deputata cavab olaraq bildirib ki, məhkəmələr hakimiyyətin müstəqil qolu olduğu üçün hökumət Milli Məclisdə məhkəmələrin rolu ilə bağlı hesabat verə bilməz: "Korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə prokurorluq orqanları tərəfindən mütəmadi məlumat verilir: Hökumətin əsas vəzifəsi preventiv yollarla korrupsiyaya qarşı mübarizədir”.(meydan.tv)