Valideyn "İdrak" liseyini məhkəməyə verdi
23-03-2021 00:52 / Bu xəbər 1994 dəfə oxundu
Valideyn Fikrət Cəfərov "İdrak" liseyini məhkəməyə verib.
Bu barədə "arqument.az"a Fikrət Cəfərov məlumat verib.
O bildirib ki, lisey orada təhsil alan övladını qanunsuz olaraq təsrisdən uzaqlaşdırıb. Buna səbəb isə valideynlə lisey arasında ödənişlərlə bağlı mübahisə olub.
Fikrət Cəfərov hesab edir ki, lisey pandemiya dövründə qapalı olub və müqavilədəki öhdəlikləri yerinə yetirməyib, dərslər onlayn həyata keçirilib, amma buna rəğmən ödənişi 100% tələb edir.
Valideyn liseyə 30% ödəniş etməyi təklif etsə də, lisey razılaşmayıb, əvəzində şagirdi tədris prosesindən uzaqlaşdırıb.
Hüquqşünas Hafiz Həsənov isə liseyin şagirdi təsris prosesindən uzaqlaşdırılmasını onun təhsil hüququnun pozulması kimi qiymətləndirib.
O, Meydan TV-yə bildirib ki, lisey qanunu pozub və buna görə məsuliyyət daşıyır.
Təhsil eksperti Nabatəli Qulamoğlu və Kamran Əsədov da şagirdin təhsildən uzaqlaşdırılmasını qanun pozuntusu adlandırıb.
Qulamoğlu hesab edib ki, ödənişlə bağlı valideyn haqlıdır, çünki lisey öhdəliyi yerinə yetirməyib. O, liseyin bu məsələdə güzəştə getməsini məqsədəuyğun sayıb.
Fikrət Cəfərov deyib ki, "İdrak" Liseylər şəbəkəsinin əsl sahibi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Lakin liseyin direktoru Mönsüm Alışov bu iddianı təkzib edib.












