Valideynlər: "308 saylı məktəbdə istilik yoxdur, dərslər soyuq otaqlarda keçirilir"

Valideynlər:

17-02-2021 18:25 / Bu xəbər 709 dəfə oxundu

Direktor: "Qazanxanalardan birinin motoru zəiflədiyi üçün otaqlar tam isinmir"

Valideynlər 308 saylı tam orta məktəbdə istilik probleminin olduğunu deyirlər.

Onların dediyinə görə, artıq bir neçə gündür ki, bu məktəbdə dərslər soyuq otaqlarda keçirilir.

Azyaşlı şagirdlərin soyuq otaqlarda xəstələnə biləcəyini deyən valideynlər problemin tez bir zamanda həll edilməsini tələb edirlər.

308 saylı tam orta məktəbin direktoru Təranə Məmmədova da Meydan TV-yə valideynlərin dediklərini təsdiqləyib.

O bildirib ki, qazanxanalardan birinin motoru zəiflədiyi üçün otaqlar tam isinmir: "Problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik, ustalar gəlib motoru təmirə apardılar. Digər siniflərdə qızıdırıcılar var, sobalarla isidilir. Günün sonuna kimi problem arada qalxacaq”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Meydan TV-yə bildirib ki, Bakıda yerləşən məktəblərin əksəriyyəti "Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur.

Hər hansı bir problem yaranırsa, konkret ünvanlı şəkildə araşdırılır və aradan qaldırılır: "İstilik sistemi 24 saat işləyən bir sistemdir. Hətta məktəblər fəaliyyət göstərmədiyi müddətdə belə istilik sistemləri işlək olur. Bu təbii haldır ki, işlək bir sistemdə az sayda da olsa, problemlər yaranır. Amma bunlar aradan qaldırılır. Dünən məktəblərdən birində belə bir problem müşahidə olunmuşdu, təxminən iki saat ərzində aradan qaldırıldı. Hər hansı məktəbdə istilik təchizatı ilə bağlı yaranan problem mərkəzləşdirilmiş olanda "Azəristiliktəchizat”, məktəbin fərdi qazanxanasında olanda isə birbaşa Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən aradan qaldırılır”.

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, bu kimi hallarda məsuliyyət təhsil müəssisəsinin rəhbərinin üzərinə düşür: "Təəssüf ki, biz hər il bu problemin şahidi oluruq. Hesab edirəm ki, hansısa təhsil müəssisəsində istiliklə bağlı problem varsa, yay aylarında aradan qaldırılmalıdır. Sistemlərdəki nasazlıq da vaxtında həll olunmalıdır. Hər il noyabrın 15-dən etibarən bütün təhsil müəssisələri qışa keçidlə əlaqədar istiliklə təchiz olunmalıdır. Hər bir təhsil müəssisəsinin daxilində buna nəzarət edən təsərrüfat müdirləri olur. Məktəblərin istilik təchizatı ilə bağlı valideyn şikayətləri var. Onlar da istəyir ki, övladları yaxşı, şəraiti olan məktəbdə təhsil alsın. Biz koronavirusdan qorunmağa çalışırıq, amma soyuq auditoriyada, sinif otağında otururuq. Orta təhsil müəssisələrinə bir ay əvvəl xəbərdarlıq edilsəydi, bu gün biz belə bir problemin şahidi olmazdıq".

"Ötən ilin noyabrında təhsil distant idi, üstəlik, İkinci Qarabağ Müharibəsi ilə əlaqədar qışa hazırlıq yüksək səviyyədə deyildi. Ona görə də hansı məktəbdə istilik sistemi ilə bağlı problemlər vardısa, aradan qaldırılmamışdı. Fevral ayı başlayandan dərslər bərpa olunduqca, problemlər üzə çıxmağa başladı. Hər halda, öncədən qərar verilsəydi ki, fevralda dərslər başlanacaq, təhsil müəssiələrinin rəhbərləri də müvafiq addımlar atardılar”, - o bildirib.