Vasif İsmayıl: “Azərbaycanda həkimlikdən başqa hər işlə məşğul oluruq”

Vasif İsmayıl: “Azərbaycanda həkimlikdən başqa hər işlə məşğul oluruq”

30-08-2020 22:32 / Bu xəbər 5477 dəfə oxundu

Həkim Vasif İsmayıl Toplum TV-nin suallarını cavablandırıb.

- Pandemiya dövründə Azərbaycan həkimləri nə dərəcədə mübarizə aparmağı bacardılar? 

- Azərbaycan həkimlərinin vəzifəsi nədir? Koronavirusa yoluxmuş xəstələri müalicə etmək, elə deyilmi? Bizim həkimlərin də gördüyü işlərin nə qədər effektiv olduğunu bilmək üçün əlimizdə nələr var? Nə qədər insan COVİD-19-a yoluxub, nə qədər insan renamasiyaya düşüb, nə qədər insan vəfat edib, yəni bir sözlə rəqəmlər. İndi yaxşı gəlin belə baxaq. Deyək ki, siz hansısa bir ölkənin həkimlərinin üzüağlığını qəbul edirsiniz. Məsələn, Almaniya, Fransa, Türkiyə koronavirus xəstələrini müalicə etməkdə sizcə səriştəli və bacarıqlımı oldular?  O zaman onların rəqəmləri ilə bizim rəqəmləri müqayisə etmək lazımdır. Onlarla bizim rəqəmləri müqayisə etdikdə dünya standartına təmamilə cavab verir. Ona görədə deyə bilərik ki, Azərbaycanda səhiyyə sistemi koronaviruslu xəstələri müalicə etməkdə dünya standartlarında bir iş ortaya qoya bilib. 

- Sizcə, SMS icazənin ləğvi yenidən pandemiyanın yayılmasını sürətləndirəcək? 

- Arta bilər. Amma nə qədər artacaq bilmirik. Bu, bizim insanların davranışlarından asılıdır. Əgər bizim insanlar karantin qaydalarına əməl edərsə, o zaman bu artım minimal olacaq, bəlkə də heç olmayacaq. Yox, əgər biz karantin qaydalarına əməl etməsək o zaman yoluxmuş insanların sayı sürətlə artacaq. Məsələn, bundan əvvəlki yumşaldılmada belə olmuşdu. SMS-lə icazənin ləğvi yox, hətta SMS icazənin 2 saatdan 3 saata uzadılması xəstə sayında kəskin artıma gətirib çıxarmışdı. Amma indi görək. İndi insanlar daha çox uyumludurlar, daha çox məlumatlıdırlar. Mən inanıram ki, artım ola bilər, amma çox cüzi. 

- İyul ayında minlərlə insan Tovuzda Azərbaycanla Ermənistan sərhədində baş verənlərə görə yürüş etdi. Ancaq ondan sonra yoluxma sayı kəskin şəkildə artmadı, bu necə olur? 

- Bu cür mitinq keçirib də daha sonra xəstə sayında artım görmək mümkündür. Və artım da oldu. Həmin vaxt Azərbaycanda sərtləşmiş karantin rejiminin oğlan çağı idi. Və bundan ötrü də gündəlik yoluxan insan sayı sürətlə düşməyə başlamışdı. Bir ara o düşmə yavaşladı. Məsələn, indiki düşmə də o qədər qane edici deyil. Niyə? Səbəblərdən biri də o mitinqdi.   

- Türkiyəyə getmək icazəsi verilirsə niyə başqa ölkələrə və ya rayona getməyə icazə yoxdur?

 - Mənim mövqeyimə görə rayonlara getməyə icazə verilməlidir. Şəxsi nəqliyyat vasitəsilə. Bu mənim mövqeyimdir. Hətta biz bu mövqeyi bir qrup Azərbaycan həkimi və alimi ilə ortaq müzakirə edib, yazılı şəkildə yaymışıq. Ancaq niyə Türkiyəyə getməyə icazə verdilər,  Azərbaycan rayonlarına getməyə icazə vermədilər sualının niyəsinin izahını vermək istəsək gümanlarımdan biri xarici ölkə səfərlərində insanlar çox disiplinli davranmasıdır. Test verirlər etibarlı yerlərdə, test kağızları ilə gəlirlər. Ciddi şəkildə təyyarəyə minərkən, enərkən yoxlanırlar. Bu, beynalxalq məsələdir. Yəni beynalxalq uçuşlara, beynalxalq səfərlərə nəzarət etmək daha asandır. Orada həm insanlar daha disiplinlidir, həm də sənədlər sağlamdır. Amma rayonlara icazə verildiyində insanların o dərəcədə disiplinli davaranacaqlarına onlar yəqin etimad etmirlər, əlbəttə, bu, gümandır. Amma mənim şəxsi mövqeyim odur ki, bəli, rayonlara getməyə icazə verməlidirlər. 

- COVİD-19-la mübarizədə Azərbaycan həkimləri hansı təcrübə qazana bildi? Bundan sonra bu sahədə mütəxəssislərin yetişdirilməsi vacib olacaqmı? 

- Azərbaycan səhiyyəsi və Azərbaycan həkimləri bundan çox böyük dərs çıxartdılar. Və biz bu məsələdə çox böyük təcrübə qazana bildik. Azərbaycanda çox təcrübəli həkimlərimiz var artıq bu sahədə. Təəssüf ki, onların bəziləri xəstələndi, bəzilərini itirdik. Amma əlbəttə, Azərbaycan səhiyyə sistemi indi daha hazırlıqlıdır. Bunu da qeyd edim ki, nə qədər hazırlıqlı olsaq da, bu pandemiyanı düzgün idarə etməsək meydana çıxan xəstə kütləsi səhiyyə sistemini çirkləndirir. 

- Siz həkimsiniz, məsuliyyət hissini bölüşənlərdənsiniz. Xəstənin həyatı üçün mübarizə apararkən hansı hissləri keçirirsiniz? Qorxu, narahatlıq hissləri varmı? Yoxsa illər keçdikcə bu hisslər aradan qalxırmı? 

- Qorxu və narahatçılıq həkimin düşmənidir. Həkimdən tələb olunan yalnız soyuqqanlılıqdı. Mən şəxsən öz adımdan deyim ki, illərdir bu soyuqqanlılıq hissini özümdə inkişaf etdirə bilmişəm. Bəzi vaxtlarda bəli, qorxu hissləri ola bilir. 

- Heç olubmu səhv diaqnoz qoyasınız və ya səhv müalicə edəsiniz? 

- Əlbəttə, olub. Daha sonra görmüşəm ki, diaqnoz və elədiyim müalicə səhvdir.  

- Bu günlərdə sosial mediada sizin və Zamiq Məmmədli adında bir şəxsin qarşılıqlı mübahisəsinə rast gəldik. O, işlədiyiniz "Güvən” klinikasını atasına səhv diaqnoz qoymaqda və qəsdən yalnış müalicə etməkdə suçlayır. 

- Mən məsələnin başından bəri tam məlumatlı şəxslərdən biri olmuşam. Evdə xəstə yatdığı vaxtdan bəri. Dağbəyi dayının şikayətləri və aparılan müayinələrdə keçirilmiş pnevmaniya, keçirilmiş vərəm əlamətləri və hazırda mövcüd olan pnevmaniya əlamətləri var idi. Mən Zamiqlə bir neçə dəfə yazışdım. Zamiqə Ağciyər Xəstələrikləri İnstituna zəng etməyi və orada müalicəni məsləhət gördüm. Mənim fikrimcə, Dağbəyi dayı o vəziyyətdə evdə yata bilməzdi. Ancaq onu həmin  xəstəxanada yatırmaq mümkün olmadı. Çünki o xəstəxana təmamilə COVİD xəstələri üçün ayrılmışdı. Amma xəstəni evdə  nəzarətdə saxlamaq çətin olardı. Ona görə "Güvən” klinikasına zəng elədim. Orada onu öncə Covid-19-a görə  yoxladılar,  sonra xəstəxanaya yatırdılar. Əldəki bütün göstəricilər pnevmaniyanı göstərirdi. Pnevmaniyadan müalicə olundu. Və xəstənin vəziyyəti yaxşılaşdı. Bir şeyi nəzərə alın ki, xəstə ümimiyyətlə xroniki xəstəliyi, fiziki məhdudiyyəti olan yataq xəstəsiydi. Və bizim pnevmaniyadan etdiyimiz müalicə onu ayağa qaldırıb gəzdirməyəcəkdi. Mən dəfələrlə Zamiqlə də söhbət etdim, elə həkimlərlə də, amma onkoloji söhbətinin keçdiyinin şahidi olmamışam. Üç gün sonra xəstənin vəziyyəti yaxşılaşdı, dedilər ki, apara bilərsiniz. Ancaq bu dəfə Zamiq mənə yazdı ki, istəyirəm bir az da orda qalsın, maddi cəhətdən problem çıxmayacaq. Və elə çıxdı ki  "Güvən” klinikası xəstədən canını qurtarmaq istəyir. Mən klinikayla danışdım,  söylədilər ki, saxlamağa ehtiyac yoxdur, ilkin şikayətləri hamısı müayinə olunub, indi qulluq lazımdır. Amma ailənin israrı ilə orda yatmağa davam elədi. Sonradan evə göndərildi. Xəstədə keçirilmiş vərəm olduğu üçün biz yenidən test elədik. Bu test müsbət gəldi. Ona görə də vərəm dərmanları ilə evinə göndərdilər. Xəstədə müəyyən şikayətlər qalırdı. Bunlardan biri də halsızlıq idi. Evə gedəndən bir müddət sonra onun mədəsindən qan açıldı. Həkimə zəng edib dedilər ki, sən verən dərmanlardan onun mədəsindən qan açılıb. Həkim də dedi ki, ondan ola bilməz, səbəb onkoloji ola bilər. Test edildi və pozitiv çıxdı. Bu səfər də ailə hiddətləndi ki, siz bu testi niyə xəstəxanada verdirmədiniz? Biz bilsəydik ki,  xərcəng var, bu qədər müalicə etməzdik.

İndi bilirsiniz məsələ harda qopur? Biz konkret olaraq insanın şikayətləri və apardığımız müayinələrin nəticəsi əsasında laboratoriya testi istəyə bilərik. Hər gözümüzə kəsdirdiyimiz yaşlıdan  C19 testi istəyə bilmərik. Çünki C19 testi xərçəng diaqnozu qoymur. Sadəcə o göstərir ki, xəstənin bədənində onkoloji problem var. Məsələn, bax Zamiq Məmmədli söhbətində bir problemli cəhət odur ki, onlar hələ də ictimaiyyətə xərçəng diaqnozunu nə ilə qoyduqlarını açıqlamırlar. "Güvən” klinikasının həkiminin istədiyi C19 testi xərçəng diaqnozu qoymaq üçün test deyil. Xərçəng axtarmaq üçün testdir. Və daha sonra xərçəngin müalicəsini yoxlamaq üçündür. Mən bu proseslə bağlı əvvəldən sonadək məlumatlıyam. Şəxsi fikrimcə, orda heç bir tibbi problem yoxdur. Azərbaycanda belədir ki, səhiyyə sisteminə şər atmaq olar, səhiyyəni sıxışdırmaq olar. 

- Azərbaycan səhiyyəsində ilk dəfə deyil belə ittihamlarla rastlaşırıq. Əvvəllər də olub belə hadisələr. Bu ittihamlar nədən qaynaqlanır? Səbəbi nədir? 

- Zamiq Məmmədli bilir ki, şər atdığı üçün heç bir cəza almayacaq. Ona görə də çox rahatlıqla şər atır. Ya da belə deyək əsaslandıra bilmədiyi iddiaları irəli sürür. 

- Zamiq Məmmədli məhkəməyə müraciət edəcəyini bildirir. 

- Versin, versin. Bu qədər danışmaqdansa məhkəməyə versin. Ədalətli qərar istəyir? Bütün sənədləşmələr öz əlindədir. Özü də Çexiya vətəndaşıdır. Özü sərbəst ekspert təyin etdirə bilər. Getsin Çexiyada, Türkiyədə başqa bir ekspert təyin eləsin.  

-  Siz öncə Türkiyədə işləmisiniz, indi Azərbaycana gəlmisiz, peşmansınızmı? Çünki Azərbaycan səhiyyəsi haqqında müxtəlif inamsızlıq var, etibarsızlıq var. Yoxsa elə burda işləmək rahatdır?

- Burda işləmək rahatdır deməzdim. 17 il əvvəl gəldim, gəldiyim üçün peşman deyiləm. Azərbaycanın özünə xas problemləri var. Və insanı çox yorur. Sözün açığı Azərbaycanda həkim işləmək çox pisdir, çox yorur insanı. Türkiyədə də yorur insanı, amma Azərbaycandakı kimi deyil. Azərbaycanda biz həkimlikdən başqa hər işlə məşğul oluruq, həm hüquqşünas kimi davranmalıyıq, həm... Hər şəkildə davranmalıyıq da… Bizim insanlarla işləmək çox çətindir, çox... Amma mən alışmışam, özüm də azərbaycanlıyam, deyirəm ki, özümüzünkilərdi də,  neynəyək, biz də beləyik də.

Məzahir Abdurahmanov