Vəkil: “Anar Məmmədli məhkəmədə bildirdi ki, ağrıdan dayana bilmir”

Vəkil: “Anar Məmmədli məhkəmədə bildirdi ki, ağrıdan dayana bilmir”

02-11-2024 02:22 / Bu xəbər 543 dəfə oxundu

Apelyasiya şikayəti təmin olunmadı

Həbsdə olan ictimai-siyasi fəallardan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi  Mərkəzinin direktoru Anar Məmmədlinin sağlamlığında ciddi problemlər olduğu bildirilir. 

Bu üzdən onun vəkilləri özəl klinikalardan birində müayinəsinə şərait yaradılması ilə əlaqədar məhkəmə nəzarəti qaydasında şikayətlə Xətai Rayon Məhkəməsinə müraciət etmişdi. Lakin bu məhkəmə şikayətə baxmaqdan imtina etmişdi.

Anar Məmmədlinin müdafiəçiləri Xətai Rayon Məhkəməsinin imtina qərarından apelyasiya şikayəti vermişdi. 

Həmin şikayətə noyabrın 1-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinə baxılarkən Anar Məmmədli özü də iştirak edib. Lakin Bakı Apelyasiya Məhkəməsi də qərarı dəyişməyib.

"Anar Məmmədli bildirdi ki, ağrıdan dayana bilmir, səhhətində ciddi problemlər var. Adekvat müayinə və müalicə almır. Hətta konvoy taborundan onu mümkün qədər tez Bakı İstintaq Təcridxanasına qaytarılmasıni xahiş etdi”, – vəkili Cavad Cavadov bildirib.

Bununla belə, vəkil ümid edir ki, həbsdə saxlanılan şəxslərin sağlamlığına, onların müayinə və müalicəsinə məsul olan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Anar Məmmədlinin səhhətindəki problemlərə biganə qalmayacaq, onun onun  özəl klinikada müayinə məsələsi həllini tapacaq.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb. Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. 

O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. 

O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.

Son 7 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, "meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.