Vəkil: "Eldar Həsənov əməliyyat olunmasa həyatını itirə bilər"

Vəkil:

08-01-2021 14:35 / Bu xəbər 159 dəfə oxundu

"Eldar müəllim əminliklə deyir ki, yaxından tanıdığı Prezident İham Əliyev məlumatlı olsa, heç vaxt belə qeyri-humanistliyə imkan verməz”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun təcili cərrahiyyə əməliyyatına ehtiyac var. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verərək bildirib ki, əks halda, E.Həsənov həyatını itirə bilər.

"Eldar müəllim əminliklə deyir ki, yaxından tanıdığı Prezident İham Əliyev səhhətində ciddi problemləri, dözülməz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa, heç vaxt belə qeyri-humanistliyə imkan verməz. Eldar müəllim ixtisaslaşdırılmış xəstəxanların birində təcili cərrahiyyə əməliyyat olmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər”, - vəkil bildirib.

Adəm Məmmədovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs təqsirsiz olduğunu bildirir və həbsini qisasçılıq cəhdi kimi qiymətləndirir. Onun fikrincə, həbsinin səbəbi Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: "Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi-rəhbər münasibətlərinin gərginləşməsidir, qisas alınır”.

E.Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

E.Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İ.Nəcəfov olub-olmadığı isə məlum deyil.

E.Həsənovla eyni cinayət işi üzrə ittiham olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldığı halda, o, hələ də həbsdə saxlanılır.

"Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslər ağır cinayət törətməkdə ittiham edildiyi halda, azadlığa buraxılsalar da, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı ayrı-seçkilik olduğunun fərqindədir”, - vəkili deyib.

Keçmiş səfirin özünü qətiyyən təqsirli bilmədiyini deyən vəkilin sözlərinə görə, E.Həsənov ədalətsizlik və qanunsuzluqlara etiraz olaraq, istintaq dövründə ifadə verməkdən imtina edib:

"Gələcəkdə də belə bir niyyəti yoxdur. Məni təəccübləndirən odur ki, sovet dövründə və ya müstəqillik vaxtında təqsirsiz olduğu halda, heç bir sabiq Baş prokuror və fəaliyyətdə olan səfir həbs olunmayıb. Mövcud sənədlərlə və Eldar Həsənovun sağlıq durumu ilə yaxından tanış olan vəkil kimi, əminəm ki, ölkə başçısı ədalətin bərqərar olması ilə bağlı göstəriş verəcək”.

E.Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən ötən ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(Meydan.tv)