Vəkil Fariz Namazlını DTX niyə saxlayıb: “Bu, faktiki tutulmağa bərabərdir”
01-09-2024 17:38 / Bu xəbər 747 dəfə oxundu
"Görünən odur ki, artıq yeni istiqamətə keçiblər”
Vəkil Fariz Namazlı avqustun 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Axşam saat 21.00 radələrində saxlanılan vəkil təxminən 3 saat sonra – gecə saat 12.00 radələrində buraxılıb.
Fariz Namazlı bildirib ki, DTX-da şahid qismində ifadə verib. O, konkret hansı cinayət işi üzrə dindirildiyini açıqlamayıb. Lakin iş vaxtı başa çatandan sonra, heç bir əsas göstərilmədən DTX-ya aparıldığını vurğulayıb.
Vəkilin sözlərinə görə, bu cür davranış faktiki tutulmağa bərabərdir: "Həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcəm, amma görünən odur ki, artıq yeni istiqamətə keçiblər. Ümid edirəm ki, mənim axşam, iş vaxtından sonra heç bir səbəb göstərilmədən idarəyə aparılmağım barədə Kollegiya rəhbərliyi və Baş Prokurorluğu məlumatlandırıblar. Çünki bu faktiki olaraq, tutulmağa bərabərdir. Vəkil tutulduqda dərhal həmin qurumlara məlumat verilməlidir. Digər tərəfdən, vəkilləri də artıq şahid qismində dindirməyə cəhd edirlər, bu da onların peşə fəaliyyətinin keyfiyyətli şəkildə həyata keçirməsinə mane olur”.
Fariz Namazlı avqustun 31-də saxlanmamışdan bir neçə saat öncə Səbail Rayon Məhkəməsində DTX-nın İstintaq Baş İdarəsində istintaqı aparılan bir cinayət işi üzrə məhkəmə prosesində iştirak edib.
Söhbət talış tarixini araşdıran tədqiqatçı İqbal Əbilovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesindən gedir. İqbal Əbilovu da ayyarım əvvəl DTX əməkdaşları saxlayıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.
Onun vəkillərindən biri Fariz Namazlıdır.
Təxminən 10 gün əvvəl DTX başqa bir azərbaycanlı ictimai fəal – Çexiyanın Çarlz Universitetinin doktorantı, politoloq Bəhruz Səmədovu da dövlətə xəyanət ittihamı ilə saxlayıb.
Fariz Namazlı bugünlərdə sosial media hesabındakı paylaşımında yazmışdı ki, ortaya ciddi sübut-dəlillər qoyulmadan, rahatlıqla istənilən adama dövlətə xəyanət kimi ağır ittiham irəli sürülə bilər.(Meydan TV)