Vəkil haqqında cinayət işi başlanıb: nüfuz alverində ittiham olunur

Vəkil haqqında cinayət işi başlanıb: nüfuz alverində ittiham olunur

15-02-2024 15:31 / Bu xəbər 653 dəfə oxundu

Misir Şahquliyevdən müdafiə etdiyi şəxsin yaxınları şikayət edib

Vəkil Misir Şahquliyev haqqında cinayət işi başlanıb. 

O, oğurluqla bağlı cinayət işində vəkili olduğu təqsirləndirilən şəxsə yüngül cəza verdirmək üçün onun yaxınlarından 15 min pul almaqda ittiham olunur.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə təqsirləndirilən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkilin söz verdiyi kimi, yüngül cəza verilməyəndə onun yaxınları prokurorluğa şikayət edib. Şikayət Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Vəkillər Kollegiyası da araşdırmalarda iştirak edib. 

Nəticədə vəkil Misir Şahquliyevin özü cinayət məsuliyyətinə cəlb olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsilə ittiham irəli sürülüb. Lakin o, həbs olunmayıb. 

İlkin istintaq dövrü üçün onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Bu maddənin sanksiyasında 6 min manatdan 10 min manata qədər cərimə, yaxud da 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Misir Şahquliyev "Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun üzvüdür. 

O, 3 ildir ki, Vəkillər Kollegiyasının üzvüdür.

Vəkilin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.(Meydan TV)