Vəkil müdafiə etdiyi şəxsə görə təhdid olunduğunu deyir

Vəkil müdafiə etdiyi şəxsə görə təhdid olunduğunu deyir

04-07-2019 14:04 / Bu xəbər 851 dəfə oxundu

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Polad Aslanovun vəkili Elçin Sadıqov təhdid edildiyini deyir.

Məlumatı vəkil Elçin Sadıqov "Facebook” hesabında paylaşıb.

Vəkil bildirib ki, əvvəl jurnalist Polad Aslanovu müdafiə etməməyi üçün xəbərdarlıqlar ediblər, sonra isə təhdidə keçilib:

"Bu gün Polad Aslanovun yenidən dindirilməsi barədə vəsatət qaldırdıqdan sonra istintaqın rəhbərliyi məni hədələdi və təhdid etdi”.

Vəkil qarşılaşdığı hədə və təhdidlə əlaqədar Prezidentə müraciət edəcəyini bildirib:

"Bu məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şikayət edəcəm və xahiş edəcəm ki, vəkilin müstəqilliyinin və təhlükəsiz fəaliyyətinin təmin olunmasına göstəriş versin”.

"Xeberman.com" və "Press-az.com" informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov iyunun 13-də dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Polad Aslanovun xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirdiyi, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edildiyi müəyyən edilib.

Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan dövlətini təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Meydan.Tv