Vəkil Nemət Kərimli həbsxanada zorakılıqla üzləşib

Vəkil Nemət Kərimli həbsxanada zorakılıqla üzləşib

21-09-2019 15:08 / Bu xəbər 2154 dəfə oxundu

Sentyabrın 20-də vəkil Nemət Kərimli 16 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbus Əfqan Muxtarlı ilə görüşə gedərkən zoraklıqla üzləşib. 

Bu haqda sosial şəbəkədə vəkil özü məlumat yayıb.

Vəkil bildirib ki, cəzaçəkmə müəssisəsində onun üzərində axtarış aparmaq istəyiblər: "Təxminən 45 dəqiqə gözlədikdən sonra içəri buraxdılar və üzərimdə axtarış aparmaq istədilər. Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər, axtaracağıq. Kimisə çağırdılar, özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gəldi. Yenidən qərar tələb etdim, hamını axtarırıq, icazəmiz var dedi, söhbətdən sonra baxış keçirtməyə icazə verdim. Yoxlayıcılar qeydləri oxumaq istədilər, icazə vermədim. Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək”.

"Mən imtina etdim, o, yəni Emin zorla köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi, "sən kimsən?, bura müəssisədi, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan” qışqıra-qışqıra zorla rəisin yanına aparmaq istədi. İmtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar. Demokratik dövlərdə belə hal baş verə bilməz, olsa da neçə nəfər cəzalanar. Bazar ertəsi bu barədə rəsmi şikayət edəcəyəm", – deyə Nemət Kərimli qeyd edib.