Vəkil: ""Tovuz məhbusları" məhkəmədən sonra işgəncəyə məruz qalıblar"

Vəkil:

06-05-2021 15:50 / Bu xəbər 1587 dəfə oxundu

Vəkil Elçin Sadıqov mayın 5-də "Tovuz məhbusları”ndan olan Babək Məmmədli ilə görüşüb.

Bu barədə "Toplum TV”-yə Elçin Sadıqov məlumat verib.

O bildirib ki, B.Məmmədli və digərlər məhbuslar məhkəmədən sonra işgəncəyə məruz qalıblar.

"Babək Məmmədli aclıq aksiyasını dayandırmayacağını deyir"

"Onun vəziyyəti yaxşı deyildi, yeriyə bilmirdi. Sifətində, alnında və gicgah nahiyələrində xəsarət izləri, qançırlar var. Dedi ki, dünən məhkəmədən sonra avtomobildə hamısını döyüblər. Çanaq nahiyəsinin və hər iki tərəfdən qabırğalarının kəskin ağrıdığını bildirdi", - vəkil belə deyib.

E.Sadıqov həmçinin bildirib ki, işgəncə faktaları ilə bağlı Baş Prokurorluğa şikayət edəcək: "Əslində, Ombudsman və Baş Prokurorluğun əməkdaşları mənim şikayətimdən sonra onlarla görüşməlidirlər, amma hər ehtimala qarşı bu gün teleqram da göndərəcəyəm. Xahiş edəcəm ki, dərhal görüşüb arşadırmalara başlasınlar".

"Bəraət tələb edirik”

Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 4-də "Tovuz məhbusları" ilə bağlı çıxardığı hökmdən apelyasiya şikayəti verəcəyini deyib: "Böyük ehtimal, Bakı Apellyasiya Məhkəməsinin qərarı iyunun əvvəlində çıxar. Ümumiyyətlə, bu  işdə böyük cinayət yoxdur, ona görə də məhbuslara bəraət tələb edirik".

Elçin Sadıqov Babək Məmmədlinin hələ də aclıq aksiyasını davam etdirdiyini vurğulayıb: "Çəkisi 90 kiloqramdan 59 kiloqrama düşüb. O, qanunsuz həbsinə etiraz olaraq bu aksiyaya başlayıb. Dəfələrlə aclığı dayandırmasını xahiş etsəm də, sonuna qədər davam etməkdə israrlıdır".

11 məhbusa 49 il...

2019-cu ilin may ayının 9-da Babək Məmmədli də daxil olmaqla, 11 azərbaycanlı DTX tərəfindən saxlanıb.

İŞİD-ə maliyyə yardımı, terrora cəhd, qadağan olunmuş ədəbiyyat əldə etmə kimi ittihamlarla həbs olunan və "Tovuz məhbusları" kimi tanınan bu şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham olunublar.

2021-ci il mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə ümumilikdə 11 məhbusa 49 il azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmə əsasən, Samir Qurbanov 8 il; Amil Həsənov, Əflatun Bayramov və Babək Məmmədli 7 il; Tehran Qasımov 5 il, Orxan Qurbanov, Cavid Əmənov, Ələddin İbişov, Yusif İmanov, Elgün İsmayılov və Şəhriyar Cabbarov isə 2 il 6 ay azadlıqdan məhrum ediliblər.